General-leytenant vəzifəsindən azad olunan Mayis Bərxudarov KİMDİR? - DOSYE
Xəbər verdiyimiz kimi, general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub. Həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi və Mayis Bərxudarov sərəncama götürülüb.
Ajans.az ötən gün vəzifəsindən azad olunan general-leytenant Mayis Bərxudarovun dosyesini təqdim edir.
Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
1998-ci ildə baş-leytenant Mayis Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bu ordeni M.Bərxudarova ulu öndər Heydər Əliyev təqdim edib. 2012-ci ildə polkovnik Mayis Bərxudarov “Vətən uğrunda” medalı ilə təltif edilib.
2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Ali Baş Komandan İlham Əliyevin əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mayis Bərxudarova general-mayor rütbəsi verilib.