DİQQƏT! Qanun LAYİHƏSİ: Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək?

DİQQƏT! Qanun LAYİHƏSİ:
Hərbi xidmət
Cəmiyyət 07-10-2024 - 13:43
 334

Azərbaycanda hərbi xidmətə getməmək üçün dövlətə pul ödəmə praktikası mövcud deyil. Hazırda ölkədə kişilər üçün hərbi xidmət məcburidir və çağırış yaşı çatmış kişilər qanunvericiliyə uyğun olaraq müəyyən müddət ərzində həqiqi hərbi xidməti yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə, hərbi xidmət Vətənin müdafiəsi və dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hər bir vətəndaşın vəzifəsidir.

Türkiyədə isə bu sahədə fərqli bir yanaşma mövcuddur. Orada müəyyən bir məbləğ ödəməklə ("bedelli askerlik") hərbi xidməti qısaltmaq və ya müəyyən hallarda tamamilə xidmətə getməmək mümkündür. Lakin bu təcrübə Azərbaycanda tətbiq edilmir.

Azərbaycan qanunlarına əsasən, yalnız bəzi xüsusi hallarda (sağlamlıq, ailə vəziyyəti və ya təhsil səbəbləri ilə) vətəndaşlara hərbi xidmətə çağırışdan müvəqqəti və ya tam azadlıq verilə bilər. Bu, müvafiq dövlət qurumları tərəfindən yoxlanılıb təsdiq olunmalıdır. Azərbaycanda hərbi çağırış qaydasının dəyişdirilməsi, xidmət müddətinin azaldılması əvəzi pul ödənişi ilə bağlı təklif bu ilin əvvəlində verilib.

Bu barədə Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elnur Allahverdiyev danışıb: "Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə - Türkiyənin təcrübəsində də həyata keçirilir".

Maraqlıdır, Azərbaycanda hərbi xidmət üçün belə bir praktikanın hazırlanması mümkündür?

Məsələ ilə bağlı Ajans.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırkı vəziyyətdə Azərbaycanda Türkiyə modeli kimi dövlətə pul ödəyərək hərbi xidmətdən azad olmaq praktikası mümkün deyil, lakin gələcəkdə bu praktikadan istfadə olunacaq:

“Bu məsələ gec-tez qəbul olunacaq, amma hazırda bunun vaxtı deyil. Hələ bizə bir müddət bu istiqamətdə müəyyən işlər görmək, cəmiyyətdə maarfiləndirmə işləri həyata keçirmək lazımdır. Əlbəttə! Biz gec tez buna gəlməliyik və gələcəyik. İndiki halda bu məsələ hələ bizə lazım deyil. Milli Məclisdə qanunlar qəbul edilir, bir müddətdən sonra qanuna əlavələr və dəyişikliklər edilir”.

Ekspert qeyd edib ki, Milli Məclis öz fəaliyyətinə yeni başlayıb, eyni zamanda Müdafiə Nazirliyində bu istiqamətdə kommisiya fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu cür bir praktikanın tətbiqi planlaşdırılır: 

“Hərbi xidmətin yerinə yetirilməsinə görə müəyyən bir məbləğin ödənməsi müvafiq dövlət orqanları tərəfindən müzakirə olunur. Azərbaycanda bu cür bir sistemin tətbiqi, həm cəmiyyətin, həm də ordunun ehtiyaclarını nəzərə alaraq müzakirə olunur. Bu, cəmiyyətdəki fərqli sosial qatmanların hərbi xidmətə cəlb edilməsi məsələsində əhəmiyyətli bir dönüş ola bilər. Lakin hələ ki, rəsmi olaraq belə bir qanun layihəsi təqdim edilməyib”.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: