Bakıya gətirilən qoyun ətinin kilosu 4 manata: Azərbaycanda qiymətlər düşəcək?
Son məlumatlara əsasən, 2023-cü ildə Azərbaycan Monqolustandan 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun və keçi əti idxal etdiyi halda, 2024-cü ilin təkcə birinci rübündə bu rəqəm 121 tona çatıb. Bu, idxalın kəskin artmasından xəbər verir. Ən maraqlısı isə budur ki, Monqolustandan gətirilən qoyun ətinin kiloqramı Azərbaycana 4 manata başa gəlir ki, bu da daxili bazarda qoyun ətinin qiymətindən xeyli aşağıdır.
Hazırda daxili bazarda qoyun ətinin kiloqramı orta hesabla 15-18 manat arasında dəyişir. Daha keyfiyyətli və bəzi spesifik bölgələrdən gətirilən ət üçün qiymət 20 manata qədər yüksələ bilər. Monqolustandan idxal olunan ətin bu qədər ucuz olması suallar doğurur.
Niyə Monqolustandan gətirilən ət bu qədər ucuzdur?
Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli Ajans.az-a bildirib ki, Azərbaycan daxili bazara ət çatdırmaqda çətinlik çəkir:
"Azərbaycan əslində ən çox əti Gürcüstan və Dağıstandan idxal edib. Əsas qonşu dövlətlərdən ət idxal edirik. Bunun müxtəlif səbəbləri var. Məsəl üçün: eyni qoyunu Amerikada saxlasan kilosu 17-18 manat yox, 50 manat olacaq. Yəni bu xərclərin ucuz olması relyefdən, insanların yaşam səviyyəsindən, bir qoyunun xərclərinin məbləğindən və bazarda tələbatdan asılıdır. Misal üçün: eyni dönər bizdə 3-4 manatdırsa, Norveçdə 50-60 manatdır".
Ekspert qeyd edib ki, Monqolustanda qoyun ona görə ucuzdur ki, orda heyvandarlıq ciddi inkişaf edib. Onun sözlərinə görə, orda tarlalar boldur, və insanlar daim qoyunçuluqla məşğul olub:
"Monqolustan adam başına düşən qoyunun çoxluğuna görə, bəlkə də, dünyada birinci yerdədir. Monqolustan geniş otlaq sahələri və heyvandarlıq üçün əlverişli şəraiti ilə tanınır. Orada heyvandarlıq xərcləri – yem, işçi qüvvəsi və digər xərclər – Azərbaycandan daha aşağıdır. Bu da məhsulun maya dəyərini azaldır. Bundan əlavə, ölkələr arasında idxal gömrük rüsumlarının azaldılması da qiymət fərqinə təsir edə bilər".
Xalid Kərimli əlavə edib ki, Azərbaycanda qoyunların otlaq sahəsi azdır. Fermerlər məcbur qalıb kip (pres) almalı olur. Ölkədə saxlanılan qoyunların sayında kəskin azalma var. 10 il bundan qabağ 8 milyon qoyun var idi, indi 7,5 milyon qalıb. Əhalinin sayının artmasına rəğmən qoyunların sayı azalır.