Azərbaycanda qızıl kəskin bahalaşıb- QİYMƏTLƏR

Dünyada qızılın qiymətinin artması Azərbaycana da təsirsiz ötüşməyib.
"Ajans.az" qızıl alış-satışı ilə məşğul olan bir neçə satıcı ilə həmsöhbət olub.Satıcıların verdiyi məlumata görə, qızılın satış qiymətində ötən illə müqayisədə ciddi artım qeydə alınıb.
"585 əyarda qızıl 125 manatdan yuxarı satılır. Halbuki 5-10 gün öncə həmin qızılı 110 manata satırdıq. 750 əyarda qızılın satış qiyməti isə 160 manatdan başlayır.Qızılın bahalaşması isə bazarda durğunluğa səbəb olub. Hazırda alıcı qıtlığı yaşanır".
İqtisadçı, ekspert Xalid Kərimli bildirib ki, qızılın qiymətinin bahalaşmasına səbəbi dünya bazarlarında qızıl əmtəəsinin dəyərinin yüksəlməsidir:
"Ötən il də bahalaşma müşahidə edilirdi. Yəni, yaxın gələcəkdə qızılın qiymətinin azalacağı gözlənilmir. Hətta, bu il qiymətin artacağına dair proqnozlar var. Dünyadakı gərginlik, müharibələr səbəbindən risklər artır. Bu da qızıl bazarına təsiri göstərir. Əlavə olaraq burada daxili faktorlar da mühüm rol oynayır. Beləki ölkədə inflyasiyanın göstəriciləri artdığı üçün zinət əşyaları ilə məşğul olanların xərcləri yüksəlir".
Xatırladaq ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,02% artaraq 2 953,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,02% artaraq 33,35 ABŞ dollarına bərabər olub.