Azərbaycanda hiss olunan ZƏLZƏLƏLƏR QAÇILMAZDIR- SEYSMOLOQ

Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Yerli vaxtla saat 07.49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib.
Seysmoloq Qulam Babayev ‘’Ajans.az’’a açıqlamasında deyib ki, bir neçə gündür İsmayıllı rayonunda ardıcıl olaraq zəlzələlər baş verir:
‘’Zəlzələlərin gücü 3-3.5 bal arasında dəyişir. Həmin ərazilərdə ardıcıl olaraq zəlzələlərin baş verməsinin səbəbi dövriliklə bağlıdır. Qonşu ölkələrin ocaqları silkələndiyi halda Azərbaycandakı ocaqlar stabil vəziyyətdə qala bilməz. Bu, mümkünsüzdür. Sadəcə olaraq, qonşu ölkələrin ocaqları ilə müqayisədə bizdə yerdəyişmə o qədər də intensiv inkişaf etmir. Məhz, həmin bölgədə daha çox zəlzələlərin baş verməsinin səbəbi, Şamaxı-İsmayıllı bölgəsinin ən aktiv ocaqlardan biri olmasıdır. Tarix boyu Şamaxı, İsmayıllı və Basqal ərazilərində dəfələrlə zəlzələlər baş verib. Ümumiyyətlə, Azərbaycanın bütün əraziləri seysmik aktiv ərazilərdir. Naxçıvan, Qarabağ, Kiçik Qafqazın şimal yamacı, Şəki, Qəbələ, Zaqatala, Şamaxı, İsmayıllı, Talış, Quba rayonları seysmik aktiv bölgələrdəndir. Hətta, Xəzər dənizi də ən mürəkkəb bioloji strukturlarla səciyyələnən bir bölgədir. Burada aktiv qırılmalar və seysmik ocaqlar zəngindir, çünki Xəzər dənizinin ərazisində bir neçə qovşaq mövcuddur’’.
Ekspert vurğulayıb ki, bu vəziyyət 2025-ci ilə qədər davam edəcək:
‘’Azərbaycanda hiss olunan zəlzələlər qaçınılmazdır. Belə ki, 3-3.5, 4-4.5 bal gücündə zəlzələlər olacaq. Əsas məsələ dərinlikdir. Əgər zəlzələ səthə yaxın baş verərsə, 3-3.5 bal gücündə olan bir zəlzələ belə hiss olunacaq. Buna görə də zəlzələdə dərinlik əsas faktorlardan biridir’’.