Azərbaycan universitetlərində YENİLİK - Bu tarixdən TƏTBİQ OLUNACAQ

Azərbaycan universitetlərində YENİLİK -
Cəmiyyət 09-10-2024 - 17:38
 265

Oktyabrın 15-dən etibarən Azərbaycan universitetlərində tələbələr vahid tələbə kartı sistemindən istifadə edəcəklər. Bu yenilik Təhsilin İnkişafı Fondu tərəfindən təsdiqlənib və əsas məqsəd təhsil müəssisələrində tələbələrin idarəçiliyini sadələşdirmək, kart vasitəsilə müxtəlif xidmətlərdən yararlanmağı təmin etməkdir. Vahid tələbə kartı tələbələrin şəxsi məlumatlarının saxlanmasını asanlaşdıracaq, həmçinin onların universitet daxilindəki proseslərdə daha səmərəli iştirakını təmin edəcək.

Gözlənilir ki, bu kartla tələbələr avtobuslar və digər ictimai nəqliyyat vasitələrində də endirimlərdən yararlana biləcəklər. Bu addım tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onların nəqliyyat xərclərini azaltmaq məqsədi daşıyır. Təhsil sahəsində bu kimi yeniliklər tələbələr üçün əlavə üstünlüklər yaradacağı və onların maddi yükünü bir qədər yüngülləşdirəcəyi bildirilir.

Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi Ajans.az-a bildirib ki, vahid tələbə kartının tətbiqi ilə yanaşı, kartın tələbələrə əlavə güzəştlər təqdim etməsi gözlənilir:

“Oktyabrın 15-dən etibarən 11 ali təhsil müəssisəsi üzrə təxminən 55 min tələbəyə Vahid tələbə kartının verilməsi nəzərdə tutulur. Təbii ki, bu kartın verilməsi tələbələr üçün bəzi istifadələr zamanı bəzi güzəştlər təqdim edəcək. Bu ilk növbədə əsasən kitab mağazalarından alış-veriş zamanı, restoranlarda ödəniş zamanı nəzərdə tutulub. Sonrakı mərhələlərdə nəqliyyat və digər ödənişlər üçün nəzərdə tutulacaq”.

Ekspert qeyd edib ki, hazırda kartın üstün cəhəti onlara müvafiq ödənişlərin daxil edilməsi və bəzi köçürmələrin edilməsidir. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində müvafiq kartlardan istifadə olunur: 

“Burda da başlıca məqsəd müəyyən qədər də olsa, maliyyə xərclərinə dövlət tərəfindən dəstəyin verilməsidir. Hazırda ödənişlərin müəyyən bir hissəsi “keşbek” olaraq karta geri qaytarılması gözlənilir. Xarici ölkələrdə bundan istifadə olunur, tələbələr üçün ya limitli şəkildə gedişdən istifadə olunsun və ya tələbədə bu kart varsa, ümumiyyətlə, ödəniş etməsin”.

Elçin Əfəndi əlavə edib ki, qarşıdakı dövr ərzində bu praktikadan təkcə universitetlərdə yox, bütün dövlət ali təhsil müəssisələrini əhatə etməlidir və onlar da bu məsələdə təşəbbüs irəli sürməlidirlər.

Qeyd edək ki, vahid tələbə kartı oktyabrn 15-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti tələbələrinə veriləcək",- deyə fonddan bildirilib

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: