"AYNA-nın fəaliyyəti pul yığmağa hesablanıb" - Tural Abbaslı TƏNQİD ETDİ

"AYNA-nın fəaliyyəti pul yığmağa hesablanıb" -
Cəmiyyət 11-03-2025 - 14:25
 116

“AYNA-nın fəaliyyətinin daha çox pul toplamağa hesablandığı görünür. Bəzi işlər görürlər, amma böyük əksəriyyəti cəriməyə hesablanıb”. 

Bunu Ajans.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı deyib. O, Bakıda velosiped zolaqlarının salınmasını məntiqli hesab etmədiyini deyib: 

“Bakıda demək olar velosiped sürən yoxdur, bəziləri var, onlar da həvəskardır. Velosipeddən nəqliyyat vasitəsi kimi çox az adam istifadə edir, onu da kuryerlər. Bu qədər az bir tələbata görə yolları bölüb velosiped zolağına çevirmək, o yola daxil olanı cərimələmək doğru deyil. O zolaqlar çox kobud konstruksiya ilə ayrılıb, onlar yol qəzalarına da səbəb ola bilər.  Mən hələ o velosiped zolaqlarından kiminsə istifadə etdiyini görməmişəm. Əsasən skuter sürürlər, o da qısa müddətli və əyləncə məqsədlidir”.

AYNA-nın təşkil etdiyi parkinq zonalarından danışan Tural Abbaslı qeyd edib ki, şəhərdə parklamanın pullu olmasını doğru hesab etmir:

“AYNA yaranandan sonra məlum oldu ki, Bakıda kifayət qədər park yerləri var imiş. Gedib böldülər, xəttlədilər, amma bu niyə pullu oldu? Mən öz şəhərimdə, öz küçəmdə avtomobil saxlamaq üçün niyə pul ödəməliyəm? Özəl şirkətlər gedib parklama yerləri tikirlər, onun pullu olmasını başa düşürəm. Parklamanın saatının 1 manat olmasını kim, necə hesablayıb? Bu qədər pullar yığılıb, hara gedir? Mən düşünürəm ki, AYNA-nın fəaliyyətində şəffaflıq çatışmazlığı var. Daha çox maliyyə toplama görsənir bu fəaliyyətdə, nəinki xalqa xidmət”.

Son olaraq siyasətçi vurğulayıb ki, avtobusların keyfiyyətindən, onların intervalından, keyfiyyət səviyyəsindən isə danışmağa dəyməz. Çünki insanların işdən çıxan vaxtı dayanacaqlarda o qədər toplanıb gözləməsi, avtobuslardakı sıxlıq hər şeyi deyir. 

PAYLAŞ: