"Apple" məhkəməyə verildi
ABŞ-də istifadəçi şəkillərini skan etməkdən imtina etdiyinə görə “Apple”a qarşı iddia qaldırılıb.
Ajans.az xəbər verir ki, bu barədə “The New York Times (NYT)” məlumat yayıb.
2022-ci ilin sonunda “Apple” uşaq istismarını aşkar etmək üçün istifadəçilərin fotoşəkillərini skan etməyi dayandırıb. “CSAM” skan etmə xüsusiyyəti 2021-ci ilin payızında elan edilib, lakin fəalların təzyiqi səbəbindən İT nəhəngi onu yaymaq planlarından imtina edib. 2024-cü ilin sonunda “Apple”a qarşı məhkəmə iddiası açılıb və şirkət cinsi zorakılıq qurbanlarını qoruya bilmədiyi üçün məhkum edilib.
İddianı uşaq ikən zorakılığa məruz qaldığını deyən 27 yaşlı qadın qaldırıb. Onun sözlərinə görə, o, şəxsi fotolarını “Apple iCloud” xidmətində aşkar edib. Qadın hesab edir ki, şirkət CSAM funksiyasını təqdim etməyib və əslində “Apple” cihazlarında qadağan olunmuş materialların saxlanmasını qanuniləşdirib. Jurnalistlər iddiaya 2680 nəfərin qoşulduğunu qeyd edib.
Sənəddə deyilir ki, “Apple” istifadəçiləri qorumaq əvəzinə, onların şəxsi fotolarının yayılmasının qarşısını almır, uşaqların cinsi istismar travmasını yenidən yaşamağa məcbur edir. İddiaçılar korporasiyadan “CSAM”ı tətbiq etməyi və qurbanlara ən azı 150.000 ABŞ dolları məbləğində təzminat ödəməyi tələb edib.
“Apple” sözçüsü Fred Sainz cavab olaraq bildirib ki, şirkət uşaq istismarı səhnələrini özündə əks etdirən materialı iyrənc hesab edir və zorakılığın istənilən təzahürü ilə qətiyyətlə mübarizə aparacaq.