Beynəlxalq Bankda 810 Manatlıq Qalmaqal: Müştərinin pulu hara yoxa çıxıb?

Beynəlxalq Bankda 810 Manatlıq Qalmaqal:
ABB
Cəmiyyət 02-12-2024 - 16:15
 459

ABB istifadəçilərindən biri bankdan kəskin şikayət edir. 

Ajans.az-a müraciət edən Günel Rufullayeva adlı vətəndaş bildirib ki, onun qarşısına ABB adıyla olan 500 manatlıq taksit kartı reklamı çıxıb. O isə linkə daxil olub və ABB-nin özünə məxsus SMS təsdiqləmə kodu gəlib. Kodu təsdiqlədikdən sonra isə şəxsin bankından 810 manat məbləğində pul oğurlanıb. 

G. Rufullayeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Həmçinin o, ABB-dən ödənişin rekvizitini tələb edib. Lakin bankdan bildirilib ki, çıxarış 3 gündən tez təqdim edilə bilməz. Bundan əlavə, qeyd edilib ki, çıxarışda pulun hara getdiyi görsənməyəcək.

Şikayətçi bildirib ki, ABB-yə dəfələrlə zəng edib, amma kömək göstərilmir:

“Dəqiqələrlə zəngdə gözlədim. Sonra açdılar. Amma kömək etmirlər. Onlara dedim ki, sizin adınızdan gəlib, mən nə edim? 810 manat çıxdıqda gördüm ki, başqa karta gedib. Mənə həmin kartın nömrəsi lazımdır ki, polisə təqdim edə bilim. Polisə zəng edib dedim ki, mənə belə deyirlər. Polis də dedi ki, sizi yola verirlər, məhkəməyə verin. Məhkəməlik deyil axı... ABB-yə mən demişdim ki, kartımdan oğurluq olub, kartı bloklayın. İndi deyirəm ki, kartımı blokdan çıxarın, mən özüm pul gedən karta baxım. Deyirlər ki, polis ona baxmır. Axı, bundan onlara nə? Pula ehtiyacım olduğu üçün kartı almaq istədim. Başıma bunlar gəldi”.

Günel Rufullayeva həmçinin qeyd edib ki, bankın ofisində də ona kobud davranış nümayiş etdirilib:

“Şikayət etmək üçün ofisə getdim. Əməkdaşlardan biri soruşdu ki, nə qədər pulunuz gedib? Dedim 810. Rişxəndlə gülməyə başladı. Yəni, o nə puldur ki? Mənim üçün o böyük puldur. 2 aylıq maaşımdır. Zəhmətimdir”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: