"Sənətə gəlir mənbəyi kimi baxanlar uğur qazana bilməz" - Xalq artisti

"Sənətə gəlir mənbəyi kimi baxanlar uğur qazana bilməz" -
Şou Biznes 14-04-2025 - 16:15

"Mənim üçün Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən teatrlar və onların kollektivləri əziz və doğmadır. Hər bir teatr kollektivini bir ailə kimi sevirəm. Bu ailələrdə mənim üçün dəyərli olan, zəngin həyat təcrübəsinə malik istedadlı dostlarım var. Təbii ki, hər bir ailədə olduğu kimi, teatr kollektivlərində də zaman-zaman müəyyən söz-söhbətlər və problemlər yaşana bilər. Lakin bu cür məsələlərin məhz həmin kollektivin daxilində, ailə mühiti daxilində həll olunması daha məqsədəuyğundur".

Bunu Ajans.az-a açıqlamasında son zamanlar "Azdrama"da baş verən qalmaqallar barədə danışan Xalq artisti Yasin Qarayev deyib. O bildirib ki, ana teatr saydığımız bu kollektivdə kifayət qədər həyat təcrübəsi olan ağsaqqallar və ağbirçəklər mövcuddur:

"Məhz buna görə də, məsələni dərindən bilmədən onlara məsləhətlər verməyi şəxsən yersiz hesab edirəm. Düşünürəm ki, yaşlı və təcrübəli nəsil nümayəndələri bir araya gələrək, məntiqli və düzgün qərar qəbul edə bilərlər".

Xalq artisti həmçinin aktyorların teatra gəlir mənbəyi kimi baxmaları məsələsinə də münasibət bildirib:

Kimliyindən asılı olmayaraq, sənətə yalnız gəlir mənbəyi kimi baxan insanlar heç vaxt böyük uğurlara çata bilməzlər. Uğurun açarı daim zəhmət və əzmkarlıqdır. Əzəldən bəri istedadın təməli məhz zəhmət olub. Belə sənət adamları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Mən belə hesab edirəm ki, bu cür uğurların qazanılması üçün hər bir sənət adamına müəyyən qədər zaman və səbir lazımdır. Atalar demişkən, səbir hər şeyi həll edər". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: