Rusiya ABŞ-İran danışıqlarını ALQIŞLADI

Moskva İranın nüvə proqramı ilə bağlı ABŞ - İran danışıqlarını alqışlayır, lakin onları əldə etdikləri nəticələrə görə qiymətləndirəcək.
Ajans.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Biz hər zaman istənilən danışıqları onların nəticələrinə görə qiymətləndirəcəyik. Biz nəticələrin konkret və nəzərəçarpacaq olacağını gözləyirik. Biz danışıqlar faktını alqışlayırıq. Əgər müsbət nəticələr əldə olunarsa, biz yalnız xoşbəxt olacağıq", - diplomat qeyd edib.
Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar baş tutub. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. Oman diplomatları vasitəçi kimi çıxış ediblər.
“Reuters”in məlumatına görə, danışıqların əsas mövzusu İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona qarşı bəzi sanksiyaların yumşaldılması olub. Həmçinin bildirilir ki, tərəflər regionda gərginliyin azaldılması və əsirlərin dəyişdirilməsi imkanlarını müzakirə ediblər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehran və Vaşinqtonun nüvə silahı məsələsində kompromis tapmayacağı təqdirdə İranı irimiqyaslı bombardmanlarla hədələmişdi. “Daily Mail” Ağ Evdəki mənbəyə istinadən ABŞ-nin bu ilin sentyabrına qədər İranı məhv edəcəyi ilə bağlı hədələri də yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.