Azərbaycan halal aqrar bazarın regional mərkəzinə çevrilir - Məcnun Məmmədovdan çağırış
Bakıda keçirilən İslam İnkişaf Bankının 14-cü Özəl Sektor Forumu çərçivəsində kənd təsərrüfatı sektorunda investisiya imkanları və halal iqtisadiyyatın inkişaf perspektivləri müzakirə olunub.
Ajans.az xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov forumda çıxışı zamanı bildirib ki, bu gün müzakirə olunan məsələ sadəcə bazarın bir seqmenti deyil, qlobal ticarəti yenidən formalaşdıran yüksək inkişaf potensialına malik bir sahədir.
Nazirin sözlərinə görə, qlobal halal ekosistemi artıq ənənəvi çərçivədən kənara çıxaraq, dəyəri 2 trilyon ABŞ dollarından çox olan hərtərəfli və dayanıqlı inkişaf modelinə çevrilib:
“Gələcəyə yönəlmiş investorlar üçün bu sürətli genişlənmə kapitalın yüksək gəlirli kənd təsərrüfatı tərəfdaşlıqlarına yönəldilməsi, texnologiya transferinin sürətləndirilməsi və sərhədlərarası dəyər zəncirlərinin yaradılması üçün tarixi imkan yaradır. Azərbaycan bu yeni bazar arxitekturasında əsas strateji qapı rolunu oynamağa hazırdır”.
Nazir qeyd edib ki, Azərbaycan kənd təsərrüfatına investisiya üçün güclü coğrafi üstünlüklərə, dövlət dəstəyinə və inkişaf potensialına malik rəqabətqabiliyyətli mühit təqdim edir.:
“Struktur islahatları və geniş subsidiya mexanizmləri nəticəsində aqrar-qida sektorunda real artım əldə olunub. Bu gün Azərbaycan bir sıra mühüm göstəriciləri ilə seçilir”
Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8 faiz artıb, balıqçılıq sektoru isə təxminən 2,7 dəfə genişlənib:
"Azərbaycan meyvə, tərəvəz və yumurta kimi yüksək əhəmiyyətli məhsullarda özünütəminetmə səviyyəsinə çatıb, ət və süd məhsullarının istehsalında da artım müşahidə olunur. Ölkəmiz qlobal kənd təsərrüfatı bazarında etibarlı ixracatçı kimi mövqeyini gücləndirir. Hazırda fındıq istehsalı üzrə dünyada 4-cü, xurma ixracı üzrə 2-ci yerdəyik. Bundan əlavə, çiyələk, gilas, pomidor və pambıq lifi kimi məhsullar üzrə də ölkəmiz dünyanın aparıcı 20 ixracatçısı sırasında yer alır”.
Nazir vurğulayıb ki, investorlar üçün uzunmüddətli və proqnozlaşdırılan mühit formalaşdırılır.
“Prezident İlham Əliyevin tapşırıqları əsasında təsdiqlənmiş 2026-2030-cu illər üçün Dövlət Proqramı intensiv, yüksək texnologiyalı və ixracyönümlü kənd təsərrüfatı modelinin inkişafına istiqamətlənib. Bu məqsədlə Azərbaycanın bütün aqrar zonalarında regional məsləhətləşmələr aparılır. Proses yerli istehsal modellərinin beynəlxalq bazar tələbləri və investorların gözləntiləri ilə uyğunlaşdırılmasına imkan verir”.
Çıxışında rəqəmsallaşma məsələsinə də toxunan Məcnun Məmmədov bildirib ki, Azərbaycanın kənd təsərrüfatının gələcəyi rəqəmsal, şəffaf və yaşıl inkişaf prinsiplərinə əsaslanır.
“Biz aqro-logistika mərkəzlərinin yaradılması, soyuq zəncir infrastrukturunun gücləndirilməsi və məhsul yığımından sonra itkilərin azaldılması istiqamətində işlər aparırıq. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi dövlət dəstəyi və subsidiya mexanizmlərində şəffaflığı təmin edib. Hazırda süni intellekt və məlumat əsaslı texnologiyaları kənd təsərrüfatı proseslərinə inteqrasiya edirik. Bu yanaşma biznes üçün məhsulların tam izlənilməsi, keyfiyyətə nəzarət və beynəlxalq halal standartlarına uyğunluq imkanı yaradır".
Məcnun Məmmədov tərəfdaşlara bir neçə istiqamətdə əməkdaşlıq təklif edib:
“Birincisi, vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənilə bilənlik platforması yaradılmalıdır. İnvestorlara beynəlxalq səviyyədə tanınan vahid və etibarlı standart lazımdır.
İkincisi, inteqrasiya olunmuş “Yaşıl Halal Aqro-Parklar” inkişaf etdirilməlidir. İstehsal, emal, sertifikatlaşdırma və logistikanı birləşdirən, bərpa olunan enerji ilə çalışan investisiya zonaları yaradılmalıdır.
Üçüncüsü, İslam maliyyəsi, inkişaf banklarının kapitalı və özəl investisiyaları birləşdirən xüsusi halal maliyyələşdirmə alətləri formalaşdırılmalıdır.
Dördüncüsü, halal ixrac imkanları Orta Dəhlizlə əlaqələndirilməli, Azərbaycan istehsalçılarının Körfəz və Avropa bazarlarına çıxışı genişləndirilməlidir.
Beşincisi, bacarıqlara və innovasiyalara investisiya qoyulmalıdır. Qida elmi və sertifikatlaşdırma sahəsində mütəxəssislərin hazırlanması təmin edilməlidir”.
Məcnun Məmmədov sonda bildirib ki, Azərbaycanın məqsədi ölkəni yüksək keyfiyyətli və dayanıqlı halal istehsal üçün aparıcı regional mərkəzə çevirməkdir.
Mələksəda Ziyad