DİM-lərin maliyyələşdirilməsində illik 4 trilyon dollarlıq boşluq yaranıb
Qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsində illik təxminən 4 trilyon ABŞ dolları həcmində boşluq mövcuddur.
Ajans.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində təşkil olunan panel müzakirəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə yaxınlaşdıqca dünya ambisiyalarla onların icrası arasında artan fərqlə üz-üzə qalır:
“Hazırda Dayanıqlı İnkişaf Məqsədləri üzrə göstəricilərin yalnız məhdud hissəsi plan üzrə irəliləyir. İqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, enerji keçidinin yüksək xərcləri və sosial bərabərsizliklər inkişaf prosesinə ciddi təsir göstərir”.
H.Hüseynov qeyd edib ki, maliyyələşdirmə çatışmazlığı xüsusilə təmiz enerji, dayanıqlı infrastruktur, su sistemləri, rəqəmsal transformasiya və ərzaq təhlükəsizliyi sahələrində özünü daha qabarıq göstərir:
" Bu şəraitdə yaşıl maliyyə, rəqəmsal maliyyə, dövlət-özəl tərəfdaşlığı və dayanıqlı kapital bazarı alətləri daha böyük əhəmiyyət qazanır. Azərbaycan dayanıqlı maliyyə arxitekturasının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması üzrə işlər aparılır".
Mələksəda Ziyad