Reklam resmi
Reklam resmi

ABŞ-nin vitse prezidentinin Azərbaycana səfəri nə vəd edir?

ABŞ-nin vitse prezidentinin Azərbaycana səfəri nə vəd edir?
Siyasət

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana etdiyi səfər Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf edir. Səfər Vaşinqtonun regiona artan marağının və xüsusilə Azərbaycanla münasibətlərdə yeni gündəlik formalaşdırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.

Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, ABŞ administrasiyasının xarici siyasətində praqmatik yanaşmanın güclənməsi Cənubi Qafqaz istiqamətində də özünü göstərir.

Onun sözlərinə görə, Vaşinqtonun həm Bakı, həm də İrəvanla paralel təmaslar aparması regionda sabitliyin möhkəmləndirilməsi, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Deputat qeyd edib ki, Azərbaycanın artan geosiyasi çəkisi və strateji mövqeyi ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycan bu gün yalnız enerji ixracatçısı deyil, eyni zamanda regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biridir. ABŞ ilə münasibətlərdə yeni səhifənin açılması həm siyasi, həm də iqtisadi baxımdan mühüm perspektivlər vəd edir.”

Vüqar İskəndərov bildirib ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Orta Dəhliz çərçivəsində artan tranzit imkanları və regional sabitliyə verdiyi töhfə Vaşinqtonun Bakı ilə əməkdaşlığı dərinləşdirməsində əsas faktorlardandır. Bu kontekstdə enerji, logistika, yüksək texnologiyalar, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi mümkündür.

Deputat ABŞ-nin regionda fəallaşmasının böyük güclər arasında balans məsələsinə də təsir etdiyini vurğulayıb. Onun fikrincə, Cənubi Qafqazda Rusiya, Türkiyə və İran kimi aktorların maraqları mövcuddur və yeni dinamika daha mürəkkəb geosiyasi mənzərə formalaşdırır.

“Azərbaycan balanslı və milli maraqlara əsaslanan xarici siyasət yürüdür. Həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlıq əlaqələrini qorumaq ölkəmizin strateji üstünlüyüdür.”

O əlavə edib ki, Ermənistanın hələ də müəyyən təhlükəsizlik və iqtisadi asılılıqları qalmaqdadır və bu, regionda proseslərin tam sabit müstəviyə keçməsini çətinləşdirir. Bununla belə, ABŞ-nin region siyasətində sabitlik və iqtisadi inteqrasiya mesajları ön plandadır.

Deputat hesab edir ki, Azərbaycan bu cür yüksək səviyyəli diplomatik təmaslarda suverenlik və ərazi bütövlüyünə dəstəyin möhkəmləndirilməsi, regional kommunikasiyaların açılması, enerji və nəqliyyat təhlükəsizliyi məsələlərini prioritet olaraq irəli sürməlidir.

“ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər.”

Beləliklə, ABŞ-nin vitse-prezidentinin səfəri Bakı–Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və bunun həm ikitərəfli əlaqələrə, həm də regionun siyasi-iqtisadi inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.

 

Mövzular:
ABŞ Azərbaycan

Digər Xəbərlər