Qorxu evlərinin fəaliyyəti QANUNSUZDUR?
Sosial şəbəkələrdə “qorxu evi”ndə azyaşlının xəsarət alması ilə bağlı yayılan video cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Ajans.az”-a açıqlama verib.
Sosioloq bildirib ki, belə məkanların fəaliyyəti qanunvericilik baxımından müəyyən çərçivələr tələb edir:
“Dünyanın müxtəlif ölkələrində buna oxşar nümunələri var – ‘brave house’, ‘fear house’ və s. Adətən insanlar həmin məkanlara daxil olaraq qorxu, stress və digər emosiyaları yaşayırlar. Lakin bu cür yerlər müəyyən sağlamlıq riskləri yarada bilər. Psixoloji durumu stabil olmayan şəxslər üçün belə təcrübələr daha ağır nəticələr doğura bilər.”
Üzeyir Şəfiyevin sözlərinə görə, bir çox ölkələrdə bu tip məkanlara girişdən əvvəl qonaqların sağlamlıq vəziyyəti ilə bağlı qısa skrininq və ya tibbi risk qiymətləndirilməsi aparılır:
“Bəzi hallarda qorxu, həyəcan və güclü stress insanlarda panik atak, təzyiqin kəskin qalxması və hətta daha ağır tibbi nəticələrə səbəb ola bilər. Bu baxımdan girişə icazə verilməzdən əvvəl müəyyən testlərin aparılması vacibdir.”
Sosioloq hesab edir ki, Azərbaycanda da bu istiqamətdə həm hüquqi baza, həm də nəzarət mexanizmləri təkmilləşdirilməlidir:
“Belə məkanların mövcudluğu anlaşılandır, lakin əsas məsələ onların necə işləməsidir. Təhlükəsizlik qaydalarına riayət olunmalı, qonaqların sağlamlığı nəzərə alınmalı, personal təlimatlandırılmalıdır. İş mexanizmi, infrastruktur və istifadə edilən effektlər müvafiq qurumlar tərəfindən qiymətləndirilməlidir.”
Şəfiyev vurğulayıb ki, həm qanunvericilikdə tənzimləmə gücləndirilməli, həm də fəaliyyət şəraiti mütəmadi olaraq yoxlanılmalıdır:
“Hesab edirəm ki, həm hüquqi baza təkmilləşdirilməli, həm də belə yerlərin təhlükəsizlik standartları ilə bağlı daimi monitorinqlər aparılmalıdır.”