Əli Həsənov: “Mənim şəkillərimi kimlərinsə yanında çap edən…”
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı mediada iddialar yayılıb.
Ajans.az mövzu ilə bağlı Əli Həsənovun özü ilə əlaqə saxlayıb.
Əli Həsənov bizə açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
O bildirib ki, Ramiz Mehdiyev olayı ilə bağlı heç bir istintaq orqanına çağrılmayıb. Bəzi media saytlarında paylaşılan yazılar fantaziya və uydurmadır.
Əli Həsənovun sözlərinə görə, hər bir siyasətçi və məmur öz əməlinə görə qanun qarşısında cavab verməlidir. Bu hadisələrin onunla heç bir aidiyyəti yoxdur.
"Odur ki, kimin hansı zamanda, hansı iş görməsi və bunun hansı məsuliyyət doğurmasının mənə heç bir aidiyyəti yoxdur. Kimə aidiyyəti varsa və hansı qurum bu işlərin hesabını sormalıdırsa onlar da sorur"-deyə, cavab verib.
Son olaraq əlavə edib ki, hazırda təqaüddədir və elmi fəaliyyətdən başqa heç bir digər fəaliyyətlə məşğul olmur. Prezident İlham Əliyevin yürütdüyü siyəsəti və dövlətin siyasi kursunu əvvəllər necə dəstəkləyibsə, indi də eyni dərəcədə dəstəkləyir.
“Sensasiya axtaran, mənim şəklimi kimlərinsə yanında çap etməklə özünə əlavə oxucu cəlb etməyə çalışan bəzi media orqanlarını məyus etməyə məcburam. Mən heç kimlə və heç bir qurumla bağlı biri deyiləm.”