ABŞ Çarli Kirkin ölümünü paylaşım edən vətəndaşların vizasını ləğv edib
ABŞ Dövlət Departamenti sağçı ictimai fəal və siyasi şərhçi Çarli Kirkin ölümü ilə bağlı sosial mediada mənfi açıqlamalar verən altı xarici vətəndaşın vizasının ləğv edildiyini açıqlayıb. Söhbət Cənubi Afrika, Argentina, Meksika, Braziliya, Almaniya və Paraqvaydan olan şəxslərdən gedir.
Ajans.az xəbər verir ki,departamentin yaydığı bəyanatda vurğulanır ki, “ABŞ amerikalılara ölüm arzulayan əcnəbilərə sığınacaq vermək öhdəliyinə malik deyil.” Bildirilib ki, prezident Donald Tramp və dövlət katibi Marko Rubio ölkənin immiqrasiya qanunlarını tətbiq etməklə sərhədləri, mədəniyyəti və insanları qorumaq niyyətindədir.
Departament, həmin şəxslərin sosial şəbəkələrdə yayımladığı bəzi paylaşmaları da nümunə kimi göstərib. Məsələn, bir Argentina vətəndaşı Çarli Kirki “irqçilik, ksenofobiya və cinsiyyətçi ritorika yaymaqda” ittiham edib. Almaniyadan olan digər bir şəxsin isə Kirkin ölümünə münasibət bildirərkən “Faşistlər öləndə demokratlar şikayət etmirlər” ifadəsini işlətdiyi qeyd olunub.
ABŞ Dövlət Departamenti əlavə edib ki, Kirkin öldürülməsini qeyd edən və ya tərifləyən digər viza sahiblərinin müəyyənləşdirilməsi prosesi davam edir. Qurum əvvəlki açıqlamalarında da bu mövzuda sərt mövqe sərgiləyərək, sui-qəsd və zorakılıq aktlarını tərifləyən əcnəbilərə qarşı müvafiq tədbirlərin görüləcəyini bildirmişdi.
Qeyd edək ki, Çarli Kirk keçən ay naməlum şəxsin silahlı hücumu nəticəsində həyatını itirmişdi. Onun ölümü ABŞ-da geniş rezonansa səbəb olub.