Putin: AZAL təyyarə qəzasına obyektiv qiymət verilməlidir
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında baş vermiş AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına obyektiv qiymət verilməsinin və fəlakətin əsl səbəblərinin açıqlanmasının vacibliyini vurğulayıb.
Ajans.az xəbər verir ki,bu barədə o, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.
“Bizim borcumuzdur — bir daha deyirəm, əvvəldən bu barədə razılığa gəlmişik — baş verənlərə obyektiv qiymət verilməli və qəzanın əsl səbəbi müəyyən olunmalıdır”, – deyə Putin bəyan edib.
Rusiya lideri əlavə edib ki, bu kimi faciəli hallarda Moskva təzminat ödənilməsi üçün lazım olan bütün tədbirləri görəcək və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həyatını itirib.
Məlumata görə, təyyarə Qroznı hava limanına bir neçə uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib, lakin hava limanına təxminən 3 kilometr qalmış qəzaya uğrayıb.