“Azərişıq” ASC-nin təşkili ilə ümumrespublika Peşə Ustalığı Yarışlarının Gəncədə növbəti regional turu
“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın 5-ci regional turu Gəncədə təşkil edilib.
Ajans.az xəbər verir ki, 110/35/10 kV-luq "Yeni Gəncə" yarımstansiyasında reallaşan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək komandalara uğurlar arzulayıb. Bildirib ki, bu yarışların keçirilməsində məqsəd mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.




