Azərbaycan dilinin inkişafında və qorunmasında mühüm TARİXİ MƏQAMLAR
Azərbaycan dili bəşəriyyətin qədim dillərindən biri olaraq çox uzun tarixi yol keçmişdir. Azərbaycanın şifahi xalq ədəbiyyatına nəzər yetirsək, dilimizin çox dərin köklərinin olduğunu görə bilərik. Azərbaycan dili xalqımızın zəngin tarixi və tariximizdən bizə qalan, qiyməti heçnə ilə ölçüyə gəlməyən sərvəti, mirasıdır.
Azərbaycan dilində müxtəlif dövrlərdə saysız-hesabsız əsərlər yaradılmış, bu əsərlər dünya ədədiyyatına öz töhvələrini vermişdir. Bu gün Azərbaycan dili hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan müxtəlif dövrlərdə müxtəlif imperiyaların tərkibində olsa da, bu gün yüksək qürur hissi ilə deyə bilərik ki, hazırda mövcud olan Oğuz qoluna aid türk dilləri arasında, azərbaycan dili ən qorunub saxlanılmış, əski türkcə elementlərini özündə saxlayaraq, inkişaf etmiş və etməyə də davam edən dillərdən biridir. Bu gün Azərbaycan dili qorunur, inkişaf edir, gələcək nəsillərə ötürülür və həyatımızın bütün sahələrini əhatə edərək uğurla işlənilir.
Ana dilimizdə beynalxalq konfranslarda, mühüm dünyavi tədbirlərdə çıxışlar olunur, bu dildə alimlər fikirlər yürüdür, Ali məktəb dərslikləri yazılır. Azərbaycan dilində ölkəmizdə çox sayda təhsil-mədəniyyət ocaqları, Azərbaycanın müxtəlif sahələrini əks etdirən muzeylər, yaxın-uzaq tarixi yaşadan qoruqlar yaradılır.
Azərbaycan dilinin qorunmasında və inkişafında daha qədim dövrlərdən başlayaraq Azərbaycan ziyalılarının da böyük xidmətləri olmuşdur: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəşid bəy Əfəndiyev, Mirzə Fətəli Axundzadə, Sultan Məcid Qənizadə, Məhəmmədhüseyn Şəhriyar, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və s.
Nizami Gəncəvinin yaradıcılıq fəaliyyətinə nəzər yetirdiyimiz zaman, görmək olur ki, şair yaşadığı dövrdə fars və ərəb dillərində əsər yazmağa məcbur edilmişdir və öz ana dilində əsər yazmağın hər daim həsrətində olmuşdur. Buna sübut Nizami Gəncəvinin “Leyli və Məcnun ( kitabının yazılması səbəbi)” əsərini gətirmək olar.
Azərbaycan dilini ucaldan şairlərdən biri də İmadəddin Nəsimi olmuşdur. Belə ki, artıq 7 əsr keçməyinə baxmayaraq, 21-ci əsrdə bütün dünya üzrə hələ də rezonans yaradan və heyranlıq hissi oyandıran əsərin açar sətrləri məhz azərbaycan dilində yazıl.şmışdır:
“Məndə sığar iki cahan, mən bu cahana sığmazam!”
Sanki dahi şair və filosof əsərin üzərində bir sıra milliyətlər arasında mübahisə yaranacağını öngörmüş və əsərin, bizim fikirimizcə, ilk cümləsi olmasına baxmayaraq, kulminativ cümləsini məhz saf azərbaycan dilində yazaraq əsərin milli mənsubiyyətini bəlli etmişdir.
Ana dilimizin tədqiqatı hələ ötən əsrin ilk onilliklərində Azərbaycan ziyalılarının diqqət mərkəzində olmuşdur. Bu dövrlərdə Üzeir Hacıbəylinin, Əbdürrəhim bəy Haqverdiyevin, Bəkir Çobanzadənin tədqiqatları işıq üzü görmüşdürlər.
1926 -cı ildə Bakıda keçirilmiş Birinci türk dili qurultayı dilçilik sahəsində böyük tədqiqatlara yol açmışdır. 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində keçirilmiş bu qurultayda keçmiş SSRİ Ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilir. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın birindən Sovet hökuməti ərəb əlifbasına qadağa qoyaraq, latın qrafikasına keçid qərarı verir və yeni əlifbanın istifadəsinə başlanılır.
Azərbaycan xalqında olduğu kimi heç bir millətin bir əsr boyunca üç dəfə əlifbası dəyişdirilməmişdir. Tarix boyu yadelli düşmənlər Vətənimizə qısqanclıqla yanaşmışdırlar. Ərəb əlifbasından latın qrafikasına və daha sonra, kiril əlifbasına keçid Azərbaycanın milli-mədəni, elmi sərvətinə böyük zərbələr vururdu. Müxtəlif zamanlarda yaşayan nəsillər arasında xoşagəlməz problemlər yaranırdı və xalqımızın nümayəndələri arasında bir-birini anlamamaq kimi məhdudiyyətlər yaranırdı. Lakin tarix sübut edir ki, Azərbaycanın mərd, qorxmaz, vətənpərvər, millətini sevən, istedadlı evladlarının sayəsində Azərbaycan xalqı bu çətin uçurumlardan müvəffəqiyyətlə çıxmış, yaranmış problemləri çətinliklə də olsa arxada qoymuşdur. Sözsüz ki, Azərbaycan xalqı bu gün yüksək zirvələrdə olmağına görə məhz öz layiqli övladlarına borcludur!
Belə məqamlarda Dahi, Ulu Öndərimizin tarixdə öz təsdiqini tapmış çox dəyərli sözləri yada düşür: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm və bu gündə fəxr edirəmki, mən azərbaycanlıyam!”
Ana dilimizi sevməyin əsas xüsusiyyətlərindən biri, onu mükəmməl bilərək, ona aid olan normalara əməl etməkdir. Müasir Azərbaycan dili dünyada inkişaf etmiş dillərdən biridir. Azərbaycan dilinin özünə aid olan normaları mövcuddur. Bu normalar tarixi inkişafın məhsuludur. Bu və ya digər ölkə inkişaf edərkən onun dili də inkişaf edir. Azərbaycan dilində danışan insanların sayına nəzər yetirsək, şahid olarıq ki, Azərbaycan dili yetərincə böyük əhəmiyyət kəsb edən bir dildir. Şimallı-Cənublu Azərbaycan və dünya azərbaycanlıları ilə birlikdə 50 milliondan artıq insanın Azərbaycan dili ana dilidir. Azərbaycan dilini qoruyub saxlamaq, onu inkişaf etdirmək hər bir Azərbaycanlının borcudur. Azərbaycan dilində danışmaq azdır, eyni zamanda hər bir azərbaycanlı öz dilini qorumalı, sevməli və ana dilində danışarkən dilin təmizliyinin qorunmasına riayət etməlidir.
Bu gün Azərbaycan dilini qorumaq, onu gələcək nəsillərə yüksək səviyyədə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur.
Azərbaycan dili haqqında alimlər, dilçilər, ədiblər sözlərini öz əsərləri vasitəsi ilə demişdirlər.
Dövlətimiz hər zaman Azərbaycan dilinin inkişafına, qorunmasına xüsusi qayğı göstərir. 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmana əsasən 1 avqust respublikamızda “Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının 21 maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilinə dövlət dili statusu verilir və bu qərar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapır. Artıq 24 ilə yaxındırki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, sevinc və qürurla qeyd edirik.
Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığı və kimliyidir. Dünyada öz dili, əlifbası, dövləti olan ölkələr çox deyil. Böyük fəxarət hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, bu gün bizim güclü dövlətimiz, dilimiz, əlifbamız var. Buna görə biz xalqımızın uzaqgörən, müdrik övladlarına təşəkkür etməliyik.
Azərbaycan xalqının əlifbası və dili zaman-zaman yadelli işğalçıların təyziqinə məruz qalsada, millətin öz taleyinə sahib çıxması və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, bu gün Azərbaycan dilində 50 milliondan artıq insan danışır. Və bu rəqəm bizə onu diqtə edir ki, biz öz dilimizə böyük hörmətlə yanaşaq. İnsanın bir neçə dil bilməsi və müxtəlif dillərdə mükəmməl danışması mümkündür və eyni zamanda təqdirəlayiqdir. Dahi Heydər Əliyev Azərbaycan dilini sevir, öz ana dilinə yüksək qiymət verməklə bərabər digər dillərə də hörmətlə yanaşırdı və bu hörmət Vətənini, xalqını hədsiz sevməsindən irəli gəlirdi. Ümummilli Lider Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunda öz çıxışında demişdir: “Mən istəyirəmki, Azərbaycanda insanlar Şekspiri inglis, Puşkini rus, Nəsimini, Nizamini, Füzulini azərbaycan dilində oxusun.” Lakin Azərbaycan dilini hər bir Azərbaycanlı daha çox sevməlidir və ana dilini digər dillərdən daha yaxşı bilməlidir. Ümumiyyətlə, hər bir sahədə olduğu kimi bütün mükəmməlliklər, gözəl nəticələr elmə əsaslanır, elmdə öz təsdiqini tapır. İstər orta yaş, istərsə gənc nəsil nümayəndələri öz fikirlərini ifadə edərkən sözlərə diqqət yetirməli, orfoqrafiya və orfoepiya qaydalarına riayət etməlidirlər, çünki Azərbaycan dili bizə atalarımızdan qalan, tarixin keşməkeşli yollarından keçib gəlmiş bir mirasdır.
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətləri olan şəxsiyyətlər yetişir. Azərbaycan xalqı da bu baxımdan bəxti gətirmiş xalq hesab olunur, çünki Azərbaycan xalqı arasında bir çox tarixi şəxsiyyətlər yer almışdır.
Azərbaycan dilinin inkişafı yönündə Ümummilli Lider Heydər Əliyevin xidmətlərini saymaqla bitmir. Daha sonra bu missiyanı Öndərin layiqli davamçısı, tarixə adı qızıl hərflərlə yazılmış, böyük sərkərdə İlham Əliyev davam etdirir.
Cənab Prezidentin bir neçə dildə öz ana dili kimi danışmağı heçkimə sirr deyil, buna baxmayaraq onun öz ana dilində səlis və nitqində bir dənə də olsa xarici sözlərdən istifadə etməməsi böyük peşakarlığın nümunəsidir. Cənab Prezidentin nitqi dilçilərə, digər ölkə liderlərinə və müasir Azərbaycanın gəncliyinə əvəzsiz bir nümunədir.
O, yüksək peşəkarlıq, vətənpərvərlik, alimlik, liderlik , insani keyfiyyətləri inkişaf etdirmiş və özündə birləşdirərək yüksək səviyyədə formalaşdırmışdır.
Cənab Prezident İlham Əliyevin azərbaycan dilinin inkişafı yolunda atdığı addımları görmək üçün bir sıra fərmanlara nəzər yetriək:
1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təstiq edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23.05.2012)
2. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (01.11.2018)
Sözügedən 23.05.2012-ci il tarixli sərəncama əsasən 09.04.2013-cü il tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təstiqlənmişdir. Həmin dövlət proqramına uyğun olaraq Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsinin və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə dövlət planı qurulmuş və maliyyə ayrılmışdır.
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında isə, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” yaradılmış və bir sıra tapşırıqlar verilmişdir (kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması istiqamətində)
Bu gün hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, onun, yəni, bizim dilimizə dövlət tərəfindən xüsusi qayğı göstərilir və ana dilimiz xüsusi hüquqi statusa malikdir.Azərbaycan dilinin hüquqi statusu Azərbaycan Respublikasinin Konstitusiyasında öz əksini tapmışdır.
Azərbaycan dili ölkəmizin milli məktəblərində bu gün əsas fəndir və eyni zamanda tədris dilidir. Ölkəmizin ali, orta, texniki-peşə məktəblətində Azərbaycan dili və azərbaycan dilində digər fənlər tədris olunur. Ali məktəblərdə, texniki-peşə, orta ixtisas təhsis müəssisələrində və s. gənclərimiz müxtəlif elmlərə və ixtisaslara azərbaycan dilində tədris alaraq yiyələnirlər. Bu gün Azərbaycan alimləri, müəllimləri və digər sahələr üzrə ixtisaslaşmış mütəxəssislər dünyanın hər yerində böyük hörmətlə qarşılanır və dinlənilir.
Bunlarla yanaşı tədris qeyri-azərbaycan dilində aparılan məktəblərdə də Azərbaycan dilinin öyrənilməsinə xüsusi diqqət və tələb vardır. Bu təhsil qanununda praktik olaraq öz əksini tapmışdır. Tədris dili xarici dillərdə aparılan məktəblərdə azərbaycan dilinin tədrisinə xüsusi qayğı ilə yanaşılır. Müəllimlər sevə-sevə azərbaycan dilini qeyri-azərbaycan dilli məktəblərdə tədris edirlər. Tədris dili xarici dildə aparılan məktəblərdə buraxılış imtahanlarından öncə Azərbaycan dili fənnindən şagirdlər imtahan verir, ölkəmizdə gənclərin Dövlət qulluğuna qəbul imtahanında azərbaycan dili xüsusi yer tutur.
Öz ana dilində yazmaq həsrətində olan Əssar Təbrizi, fars və ərəb dillərində əsər yazmağa vadar edilən Nizami Gəncəvi, dahi əsərlərini və fəlsəfi ideyalarını təyziqlərə məruz qalmasına baxmayaraq azərbaycan dilində ifadə edən İmadəddin Nəsimi, müasir Azərbaycan dilinin inkişafını görərək yəqin ki ruhları şaddır. Cənab prezidentimiz İlham Əliyev güclü siyasəti ilə ölkəmizi dünya arenasında sözünü deyən azad bir ölkəyə çevirmişdir. Müasir dövrdə heç bir qüvvə vətənimizi dilimizdən məhrum edə bilməz. Uca Tanrı dövlətimizi, vətənimizi, xalqımızı, prezidentimizi qorusun!
Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi- Pedaqoji Tədqiqatlar Mərkəzinin mütəxəssisi
Mənəfova Səadət Vaqif qızı
Mövzular: