Cevdet Yılmaz: Azərbaycan qazı Suriyanın qaranlığını İŞIQLANDIRACAQ
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya nəqlinin region üçün strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, qaz Suriyada elektrik enerjisinə çevrilərək uzun illər rejimdən əziyyət çəkən xalqın həyatına işıq gətirəcək.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Yılmaz bu fikirləri SOCAR Türkiyə və ODTÜ-nün birgə sosial məsuliyyət təşəbbüsü olan “Cib dəftərləri”(Cep Kitapları) layihəsinin Ankaradakı təqdimat mərasimində səsləndirib. O, Türkiyə-Azərbaycan münasibətlərinin siyasət və iqtisadiyyatla yanaşı, elm, təhsil və mədəniyyət sahələrində də nümunəvi əməkdaşlıq yaratdığını bildirib.
Vitse-prezident çıxışında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələrin region üçün enerji təhlükəsizliyində mühüm rol oynadığını xatırladıb. Yılmaz SOCAR-ın Türkiyədəki sərmayələrinin, xüsusilə PETKİM, TANAP və STAR Neft Emalı Zavodu layihələrinin ölkənin enerji təchizatına və iqtisadi sabitliyinə ciddi töhfə verdiyini qeyd edib.
Onun sözlərinə görə, SOCAR-ın planlaşdırdığı əlavə 7 milyard dollarlıq neft-kimya sərmayəsi cari hesab kəsirinin azaldılmasında xüsusi rol oynayacaq. Yılmaz həmçinin şirkətin ekoloji cəhətdən təmiz texnologiyalara, xüsusilə davamlı aviasiya yanacağı istehsalına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib.
Türkiyə ilə Azərbaycan arasında təbii qaz və enerji sahəsində yeni əməkdaşlıq imkanlarına toxunan Yılmaz bildirib:
“Azərbaycandan gələn qaz Suriyada elektrik enerjisinə çevriləcək və inşallah uzun müddət zalım rejimdən əziyyət çəkən Suriya xalqının qaranlığını işıqlandıracaq. Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya nəqli bu baxımdan əvəzsizdir”.
Yılmaz həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan son Bəyannaməni Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsi yolunda mühüm addım kimi dəyərləndirib. O, Zəngəzur dəhlizi və yeni logistik imkanların Orta Asiya ilə əlaqələri gücləndirəcəyini, bunun isə region ölkələrinin iqtisadi rifahına töhfə verəcəyini qeyd edib.
Tədbirdə SOCAR Türkiyə baş direktoru Elçin İbadov və ODTÜ rektoru Prof. Dr. Ahmet Yozgatlıgil də çıxış ediblər.