Hərbi xidmətlə bağlı “mygov” platformasına yeni funksiyalar əlavə olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.
Bundan başqa, hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür.
Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.
Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olmalı, “Hərbi məlumatlarım” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər.
Qeyd edək ki, Dövlət Xidməti üçün vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu sahədə aparılan islahatlar və yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.