Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
Ajans.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər.
Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.