Yeni nəslin yeni TOY ADƏTLƏRİ
Xalqın əsrlərlə formalaşan qədim toy adətləri artıq unudulur. Əvvəllər ailələr, nəsillər bir araya gələrək, elçilik, nişan, cehiz düzümü, xına mərasimi kimi məclisləri keçirirdilər. Lakin müasir həyat tərzi, sosial media və fərdi yanaşmalar gəncləri ənənəvi evlilik modelindən uzaqlaşdırır.
Sosioloq Əhməd Qəşəmoğlu Ajans.az-a bildirib ki, insanların gözləntiləri dəyişdikcə bu onların həyat tərzinə də təsir edir. Ənənəvi toy anlayışı yerini artıq studiya çəkilişli, az saylı qonaqlı, daha sadə və ya bəzən də xaricdə keçirilən nikah mərasimləri əvəz edir.
Ekspert qeyd edib ki, belə dəyişikliklərin kökündə həm cəmiyyətin müasirləşməsi, həm də ailə institutunun zəif inkişafı dayanır. İndiki toylarda dekor, musiqi, geyim tərzi də çox fərqlənir. Təmiz sevgi və hörməti maddi qazanc, bahalı cehiz, zinət əşyaları, marketinqlik əvəz edib. Hətta cütlüklər bir kənarda qalır, bütün maddiyyatı valideynlər öz aralarında idarə edirlər.
Sosioloq vurğulayıb ki, müasir adətlərin olması müsbətdir. Amma bunu milli-mənəvi dəyərləri unudaraq həyata keçirtmək düzgün deyil.