Bu əməli törədənlər CƏRİMƏLƏNİR!
"Həm Ailə Məcəlləsi, həm də Cinayət Məcəlləsində erkən yaşda ana olmağın qarşısını alan normalar mövcuddur".
Bunu "Ajans.az"a açıqlamasında Vəkil Hikmət Əliyev bildirib

.
O bildirib ki, nikah yaşının müəyyən olunmasında əsas məntiq nikaha daxil olan şəxslərin valideyn olmaq və uşaq dünyaya gətirmək imkanına malik olmalarıdır:
"Qanunvericilikdə “erkən yaşda ana olma” anlayışı birbaşa bu başlıq altında qadağan edilməsə də, həm Ailə Məcəlləsi, həm də Cinayət Məcəlləsində erkən yaşda ana olmağın qarşısını alan normalar mövcuddur. Belə ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Nəzərə alsaq ki, nikah yaşının müəyyən olunmasında əsas məntiq nikaha daxil olan şəxslərin valideyn olmaq və uşaq dünyaya gətirmək imkanına malik olmalarıdır, bu halda maddənin məntiqinə əsasən valideyn olmaq üçün minimal yaş həddinin də nikah yaşı ilə eyni olması anlamına gəlir".
Hikmət Əliyev əlavə edib ki, bu hallar ağır nəticələrə səbəb olur:
"Qanunvericilikdə “erkən evlilik” dedikdə, yetkinlik yaşına çatmayan şəxslə nikah bağlanmadan, ailə qurmaq məqsədilə yaradılmış birlik başa düşülür. Göründüyü kimi, bu norma ilkin olaraq məcburi nikaha daxilolma hallarının qarşısını almağa yönəlsə də, nikah yaşına çatmayan şəxslərlə bağlı tətbiq olunduqda daha ağır nəticələr doğurur. Bundan əlavə, Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli digər hərəkətlər etmək cinayət məsuliyyəti yaradır".
"Bu əməlləri törədən şəxslər bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər bu əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslərə qarşı törədilərsə, bu zaman məsuliyyət daha ağır olur. Belə hallarda Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Göründüyü kimi Bu maddələr nəticə etibarilə, bir növ erkən yaşda ana olmanın qarşısını almağa xidmət edir", - deyə sonda o, bildirib.
Bəs bu kimi hallar baş verdikdə azyaşlının aqibəti necə olur? Hansı quruma yerləşdirilir? Hansı tədbirlər görülür? Bu kimi suallarımızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova cavablandırıb.

"Təəsüflər olsun ki, cəmiyyətimizdə bəzi hallarda qızların erkən yaşda ana olması xəbərlərini eşidirik. Belə hadisələr olan vaxt söhbət birinci növbədə bir qız uşağının taleyinin məhvindən gedir. Bəzən valideynlər tərəfindən erkən evliliyə yol verilməsi ilə, bəzəndə cinsi zorakılıq qurbanı olması səbəbilə bu hal baş verir. Qeyd etdiyim iki halın özüdə uşağa qarşı törədilən zorakılıq əməlidir. Bu halda ilkin olaraq uşağın olduğu yer müəyyən edilir. Daha sonra hansı vəziyyətdə bu hal baş verib aydınlaşdırılır. Zorakılığa məruz qalmış həmin qız ailədən götürülür körpəsi ilə birlikdə. İlkin olaraq tibb müəssisəsinə müayinə olunması məqsədilə yerləşdirilir",- deyə Şəbnəm Cəfərova bildirib. O əlavə olaraq sığınacağa yerləşdirilməsindən, göstərilən yardımlardan bəhs edib. "Daha sonra müvəqqəti olaraq sığınacağa yerləşdirilir. Sığınacaqda həmən şəxsə sosial-psixoloji reabilitasiya xidməti göstərilir və aidiyyəti qurumlar tərəfindən onun pozulmuş hüquqlarının bərpası istiqamətində iş həyata keçirilir. Bu müddətdə təbiiki, bu hadisənin baş verməsinə səbəb olan şəxslər barəsində qanun çərçivəsində iş həyata keçirilir".