Reklam resmi
Reklam resmi

"Əlavə hazırlıq şagirdin yalnız konkret mexaniki öyrənmə bacarığını inkişaf etdirir" - Elmin Nuri

\"Əlavə hazırlıq şagirdin yalnız konkret mexaniki öyrənmə bacarığını inkişaf etdirir\" - Elmin Nuri
Cəmiyyət

"Əlavə hazırlıq, repetitor məşğələləri heç zaman şagirdi dünyagörüşlü, xüsusi intellektli bir insan kimi formalaşdırmır".

Bunu "Ajans.az"a açıqlamasında  Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri deyib. 

O bildirib ki, əlavə hazırlıq şagirdləri dünyagörüşlü bir insan kimi formalaşdırmır:

"Şagirdləri ümumiyyətlə hazırlıqlara qoymaq, əlavə müəllim yanına yollamaq lazım deyil. Bunun neçənci sinifdən etibarən edilməsi haqqında danışmağın özü təhsildəki acı durumun göstəricisidir. Bu, həm də "artıq reallıq budur, şagirdlər məktəbdən heç nə əldə edə bilmir, onları bu boşluqdan neçənci sinifdən etibarən çıxarmaq lazımdır? sualı ilə tam şəkildə əkiz fikirdir. Amma bir məsələni xüsusi qeyd edim: əlavə hazırlıq, repetitor məşğələləri heç zaman şagirdi dünyagörüşlü, xüsusi intellektli bir insan kimi formalaşdırmır".

Ekspert əlavə edib ki, əlavə hazırlıqlarla əldə olunan biliklər qısamüddətli olur:

"Əlavə hazırlıq şagirdin yalnız konkret proqram əsasında mexaniki öyrənmə bacarığını inkişaf etdirir. Həmin mexaniki öyrənmə nəticəsində əldə olunan bilik qısamüddətlidir, praktiki deyil. Onun insanın həyatındakı sonrakı mərhələlərdə heç bir rolu yoxdur. Yalnız universitetə daxil olmaq üçün ilkin, müvəqqəti, qalıcı olmayan bazadır. Vəssəlam! Amma məktəb müvəqqəti, kövrək biliyə deyil, qalıcı, daimi biliyə əsaslanmalı idi. Biz əslində daimi biliyi, onun praktiki imkanlarını kövrək biliyə uduzdur. Məhz bu səbəbdən intellektual itkilərimiz çox böyükdür". 

Elmin Nuri son olaraq qeyd edib ki, əlavə hazırlıqlar daha çox master pillələr, üst səviyyəli tədris üçün əlverişlidir:

" Razıyam, repetitorluq, əlavə hazırlıq dünyanın hər yerində var. Olub və olacaq da... Amma baxır necə? - Məsələn,  əlavə hazırlıq daha çox master pillələrdə, üst səviyyəli tədris marafonlarında var. Fərd artıq özünü təkmilləşdirib, amma onun müəyyən bir hissədə boşluğu var. Bax, həmin boşluğu əlavə hazırlıq aradan qaldırmalı idi. Bizdə isə əlavə hazırlıq anlayışı tədris prosesini bütünlüklə "əvəz edib".

Mövzular:
REPETİTOR TƏHSİL ELMİN NURİ

Digər Xəbərlər