Sabahdan şagirdlərin monitorinq imtahanları BAŞLAYIR
Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək.
Bakının ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunacaq.
Ajans.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Mayın 18-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV sinif şagirdləri üçün monitorinq keçiriləcək. Bildirilib ki, mayın 19-da VI sinif şagirdləri üçün monitorinq təşkil olunacaq.
Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək.
Qeyd edək ki, cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.
Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri IV və VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanır.
Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir. VI siniflərdə isə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edir.
IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.
VI siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.
Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.
Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.
Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.