Koronavirusa qarşı vurulan peyvəndlər ÖLÜM RİSKİNİ ARTIRIR?
Son illərdə peyvəndlər ətrafında yaranan ictimai narahatlıq və artan şübhələr həm fərdi səviyyədə, həm də ümumi səhiyyə sistemi üçün ciddi risklər doğurur. Cəmiyyətdə “Kim peyvənd vurdurursa, ölüm riski artır”, “Peyvəndlər uşaqlarda autizmə səbəb olur” kimi fikirlərin geniş şəkildə yayılması bir çox insanı vaksinasiyadan çəkinməyə sövq edir. Bu isə təkcə fərdi sağlamlıq üçün deyil, eyni zamanda ictimai immunitetin zəifləməsi baxımından da təhlükəli nəticələr doğura bilər.
Ajans.az xəbər verir ki, sosial şəbəkələrdə tez-tez “Peyvənddən sonra gənc insan ürək tutmasından öldü”, “Qan laxtalanması baş verdi” kimi iddialar paylaşılır. Lakin bu hadisələrin peyvəndlə birbaşa əlaqəli olub-olmaması əksər hallarda tibbi sübutlarla təsdiqlənmir. Körpəlik dövründə uşaqlara tətbiq olunan rutin peyvəndlər də valideynlər arasında bəzən qorxu ilə qarşılanır. Xüsusilə bəzi fərdi hallar peyvənddən sonra qızdırma, allergik reaksiya və ya nevroloji simptomlar daha ağır fəsad kimi qiymətləndirilir və geniş yayılaraq ümumiləşdirilir. Mütəxəssislər qeyd edirlər ki, bu tip əlamətlər əksər hallarda qısa müddətli, keçici reaksiyalardır və peyvəndin ümumi faydaları ilə müqayisədə çox aşağı risk daşıyır.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi məlumata əsasən, peyvəndlər hər il milyonlarla insanı xəstəliklərdən, əlillikdən və ölümdən xilas edən ən mühüm sağlamlıq tədbirlərindən biridir:
“Xüsusilə immun sistemi zəif inkişaf etmiş körpələri ölümə və ciddi fəsadlara səbəb ola biləcək xəstəliklərdən qorumaqda peyvəndlər əvəzsizdir. Hazırda insanları bir sıra təhlükəli xəstəliklərdən qoruyan effektiv və təhlükəsiz peyvəndlər mövcuddur. Hər bir uşağın bu ağır xəstəliklərə qarşı peyvənd vasitəsilə qorunmaq hüququ var. Peyvəndlər uşaqların immun sistemini gücləndirir və onları gündəlik həyatlarında qarşılaşa biləcəkləri mikrob və viruslara qarşı daha dayanıqlı edir.”
Mərkəzdən verilən məlumata görə, Bunlar normal və müvəqqəti yanaşı təsirlərdir, adətən qısa müddətdə keçib gedir:
“Uşaqların peyvənd təqviminə uyğun şəkildə və vaxtında peyvənd olunması olduqca vacibdir. Vaksinasiyanın əhatə dairəsi aşağı düşdükdə, artıq yox olmaq üzrə olan qızılca, difteriya və poliomielit kimi yüksək yoluxuculuğa malik xəstəliklər yenidən yayılmağa başlaya bilər. Peyvənddən sonra bəzi uşaqlarda yüngül qızdırma, narahatlıq, peyvəndin vurulduğu nahiyədə qızartı, şişkinlik və yüngül ağrı müşahidə oluna bilər. Temperaturun yüksəlməsi kimi hallar nadir baş verir. Əgər peyvənddən sonra uşağınızda narahatlıq doğuran hər hansı bir reaksiya müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur. Elmi araşdırmalar göstərir ki, peyvəndlərin faydaları, mövcud risklərdən qat-qat üstündür. Sosial mediada yayılan əsassız iddialara qarşı daha etibarlı, tibbi mənbələrə istinad etmək vacibdir.”
Peyvəndlərlə bağlı yayılan fikirlərin bir çoxu fərdi müşahidələrə, emosional yanaşmalara və sosial şəbəkələrdə sürətlə yayılan, lakin elmi əsasları olmayan məlumatlara söykənir. Peyvəndlər yüz illərdir ki, ictimai səhiyyənin ən böyük nailiyyətlərindən biri hesab olunur. Təbii ki, hər tibbi müdaxilədə olduğu kimi, peyvəndlərin də müəyyən yan təsirləri ola bilər, lakin bu təsirlərin geniş əhali üzərində yaratdığı risk, qoruduğu həyatların sayı ilə müqayisədə olduqca azdır.
Nurcan Babək
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.