Reklam resmi
Reklam resmi

Bank kartlarımızı necə qoruyaq? - TƏHLÜKƏ ARTIR

Bank kartlarımızı necə qoruyaq? - TƏHLÜKƏ ARTIR
Cəmiyyət

"Kartın fiziki təhlükəsizliyi olaraq, PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya digər yerdə yazmayın. Onu yalnız özünüz bilməlisiniz və heç kimə açıqlamaq olmaz!"

Bunu "Ajans.az"a danışan İnformasiya Texnologiyaları üzrə Mühəndis -Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib. 

Ekspert kart haqqında məlumatları heç kimlə paylaşmamağı tövsiyə edir:

"Kartın arxa tərəfindəki CVV kodunu, bitmə tarixini və PİN kodunu heç kimə verməyin. Bu məlumatları yalnız etibarlı və təhlükəsiz mənbələrdə istifadə edin. Həmçinin, E-poçt və ya SMS vasitəsilə gələn, bankınızın adından göndərildiyi iddia edilən linklərə klik etməyin. Bu linklər fişinq (phishing) hücumları ola bilər. Bankınızın mobil tətbiqində və ya onlayn bankçılıq hesabınızda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin. Bu funksiya kartınızla giriş zamanı sizə SMS və ya mobil tətbiq vasitəsilə doğrulama kodu göndərir, beləliklə, parolunuz oğurlansa belə, hakerlər ikinci doğrulama kodu olmadan hesabınıza daxil ola bilməyəcək." O, əlavə edib ki, bankomat və POS-terminallardan istifadə edərkən də diqqətli olmaq lazımdır: " Onlayn bank xidmətlərindən ictimai Wi-Fi şəbəkələrində istifadə etməyin. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizdən əmin olun. Bankomat və POS-Terminal təhlükəsizliyi olaraq, kartı bankomata daxil etməzdən əvvəl onu diqqətlə yoxlayın. Şübhəli cihazlar və ya əlavə elementlər görsəniz, o bankomatdan istifadə etməyin. PİN kodunuzu daxil edərkən əllərinizlə klaviaturanı örtərək daxil edin ki, kənar şəxslər görməsinlər. POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın."

 Bəhruz Əliyev istifadə edilən kartın mobil tətbiqindən istifadənin vacibliyini də vurğuladı: " Mobil və elektron bankçılıq təhlükəsizliyi olaraq, mobil tətbiq və SMS bildirişlərindən istifadə edin: Bankın mobil tətbiqini yükləyin və SMS bildiriş xidmətini aktivləşdirin. Bu, hesabınızdakı hər hansı əməliyyat barədə anında məlumat əldə etməyinizə kömək edəcək. Bank kartı üçün onlayn ödəniş limitini təyin edin və həddindən artıq yüksək məbləğlərin çıxarılmasının qarşısını alın.  Həmçinin, kartınız itdikdə və ya oğurlandıqda, mütləq qaydada dərhal banka və ya “24/7 müştəri xidməti”nə zəng edin və kartınızı bloklayın. Özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin."

" Tövsiyyə olunur ki onlayn ödənişlərdə virtual kartlardan istifadə edəsiniz. Həmin karta online ödəniş edəcəyiniz qədər pul köçürərək, ödənişi həmin virtual kartla həyata keçirmək olar. Belə olan halda riskləriniz minimum olacaqdır", - deyə ekspert sonda vurğulayıb.

Mövzular:
BANKKARTLARI BƏHRUZ ƏLİYEV AKTA

Digər Xəbərlər