Əhaliyə ŞAD XƏBƏR - Müavinətlər və təqaüdlər bu tarixdə artırılır
Sosial müavinət və təqaüdlərlə bağlı artım məsələsi son günlər cəmiyyətdə geniş müzakirə olunur. Bildiyimiz qədərilə aidiyyəti qurumlar tərəfindən artımla bağlı təkliflər hazırlanıb və Prezidentə təqdim olunub.
Bəs bu artımlar nə vaxt baş verə bilər? Hansı sosial qrupları əhatə edəcək və nə qədər faiz artım gözlənilir?
Suallarımızı cavablandıran iqtisadçı ekspert, Natiq Cəfərli "Ajans.az"a bildirib ki, çox güman, yaxın zamanda bu məsələ ilə bağlı qərar veriləcək:

‘’Ola bilsin, bu ayın sonunda və ya gələn ayın əvvəllərində parlamentdə büdcə parametrlərinə baxılsın. O zaman büdcədən müəyyən vəsaitlərin ayrılması prezident fərmanı və ya büdcəyə əlavələrlə və düzəlişlərlə edilə bilər. Belə bir gözlənti var. Əsasən müharibə iştirakçılarına, sosial müavinət alanların aldıqları üzrə müəyyən indeksləşmələr və kompensasiyalar ödənilməlidir. Çox güman ki, bu artım yaxın 1 ay ərzində ödəniləcək’’.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli isə söyləyib ki, hazırkı iqtisadi və sosial şəraiti nəzərə alaraq, bu sahədə dövlət tərəfindən müəyyən addımların atılması zəruri hesab olunur:

Belə ki, az təminatlı ailələrə verilən sosial müavinətlərin 15-20%, əlilliyi olan şəxslər, şəhid ailələri və müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin 20-25%, tələbə və elmi təqaüdlərdə isə 10-12% arasında artım ehtimal edilir. Hökumət bu artımların əsas məqsədini inflyasiyanın əhalinin aztəminatlı təbəqəsinə mənfi təsirinin azaldılması ilə izah edir. Qeyd edilməlidir ki, bu məsələ dövlət başçısının yekun qərarından asılıdır və yalnız onun təsdiqindən sonra reallaşacaq’’.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: