Məktəblərdə köklü dəyişiklik - Detallar AÇIQLANDI
"Azərbaycanda məktəblərin publik hüquqi şəxs statusu alması ilə bağlı qərar son illər təhsil sahəsində həyata keçirilən institusional islahatların davamı kimi qiymətləndirilməlidir. Bu islahatın mahiyyəti məktəblərin dövlətin mərkəzləşdirilmiş idarəetmə sistemindən çıxarılaraq hüquqi və maliyyə müstəqilliyinə malik təşkilatlara çevrilməsini nəzərdə tutur. Bu, yalnız texniki dəyişiklik deyil, həm də məktəblərin idarə olunması, maliyyələşməsi və təhsil siyasətinin həyata keçirilməsində yeni yanaşmaların tətbiqi deməkdir".
Bunu Ajans.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, hazırda məktəblər Təhsil Nazirliyinin struktur bölməsi olan Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərirlər və bu idarəetmə modeli daha çox inzibati nəzarətə əsaslandığı üçün çevik qərarvermə və fərdi təşəbbüslərin məhdudluğu ilə xarakterizə olunur.
"PHŞ modelinə keçid isə məktəblərə müstəqil qərarlar vermək, resursları daha effektiv idarə etmək və innovativ tədris metodlarını tətbiq etmək imkanı yaradacaq. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, PHŞ-lər müstəqil hüquqi statusa malik olmaqla dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə maliyyə mənbələri cəlb edə bilər, həmçinin əməkhaqqı, satınalmalar, layihələr və xidmətlər sahəsində sərbəst fəaliyyət göstərə bilərlər".

Ekspert bildirib ki, məktəblərin PHŞ-ə çevrilməsi ilə birgə maliyyə idarəetməsində əsaslı dəyişikliklər baş verəcək:
"Əgər indiyə qədər məktəbin bütün xərcləri dövlət büdcəsi hesabına planlaşdırılır və xərclərin təyinatı mərkəzdən idarə olunurdusa, yeni modeldə məktəb öz büdcəsini tərtib edəcək, gəlir və xərclərinə görə daha məsuliyyətli olacaq. Bu isə məsuliyyətin artması ilə yanaşı, məktəbləri donor təşkilatlar, sponsorlar, beynəlxalq layihələr və valideyn dəstəyi hesabına əlavə maliyyə resursları axtarmağa vadar edə bilər. Eyni zamanda bu, məktəblər arasında rəqabəti artıra və keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb ola bilər.
Dünya təcrübəsi də göstərir ki, məktəblərin hüquqi və maliyyə müstəqilliyi onların inkişafında mühüm rol oynayır. Məsələn, Finlandiyada məktəblər bələdiyyələrin nəzdində olsa da, geniş avtonomiya və innovativ təşəbbüslər üçün sərbəstlik verilir. Estoniyada məktəblərin 95 faizi müstəqil idarəetməyə malikdir və bu sistem beynəlxalq reytinqlərdə Estoniyanın yüksək nəticələr göstərməsinə səbəb olub. Türkiyədə də bəzi Anadolu liseyləri və layihə məktəbləri PHŞ modelinə uyğun idarə olunur və bu, onların layihə əsaslı inkişafını stimullaşdırır".
Kamran Əsədov həmçinin qeyd edib ki, sözügedən təcrübənin mənfi tərəfləri də var:
"Məktəblərin əlavə maliyyə axtarışına çıxması zamanla sosial bərabərsizliyin dərinləşməsinə səbəb ola bilər. İmkanlı valideynlərin uşaqlarının oxuduğu məktəblər daha çox vəsait toplaya, infrastrukturu yeniləyə, müəllim heyətinə yüksək əməkhaqqı verə bilər. Kənd və aztəminatlı ailələrin üstünlük təşkil etdiyi bölgələrdə isə bu model məktəbin maliyyə çətinlikləri ilə üzləşməsinə, nəticədə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Bu baxımdan, PHŞ statuslu məktəblər üçün dövlətin dəstək mexanizmləri – diferensial subsidiyalar, sosial təminat proqramları və təhsil voucher sistemləri tətbiq edilməlidir.
Hazırkı qanunvericilik mühiti bu keçidi təmin etmək üçün müəyyən baza yaradır. Lakin məktəblərin PHŞ-ə çevrilməsi təhsil haqqında əsas qanunda, həmçinin “Dövlət ümumi təhsil müəssisəsinin nizamnaməsi”ndə və “Məktəb direktorlarının fəaliyyətinin qiymətləndirilməsi meyarları”nda da uyğunlaşdırmalar tələb edir. Müəllimlərin əmək hüquqları, qiymətləndirmə və karyera artımı ilə bağlı qaydaların da bu çərçivədə yenidən işlənməsi vacibdir. Əks halda, məktəblərdə qeyri-bərabər yanaşmalar və sosial narazılıq artacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.