Məktəblərdə yeni trend: “SON ZƏNG”yoxsa “STİL YARIŞI”

Məktəblərdə yeni trend:
Cəmiyyət 16-05-2025 - 15:05

Əvvəllər “Son zəng” mərasimində şagirdlərin geyimi daha klassik və rəsmi olurdu: oğlanlar ağ köynək, qara şalvar, qızlar isə ağ kofta və qara ətək, bəzi hallarda isə məktəb forması ilə çıxış edirdilər.

Amma son illərdə bu ənənə dəyişib. İndi gənclər son zəngdə öz fərqliliklərini və fərdi üslublarını ön plana çıxarmağa çalışırlar. Maraqlıdır, bu dəyişikliklər nə ilə bağlıdır? Geyim azadlığı məktəbdə sərhədləri aşırmı?

Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov “Ajans.az"a bildirib ki, Azərbaycanda “Son zəng” mərasimlərinin vizual kimliyində baş verən dəyişikliklər təkcə estetik səviyyədə deyil, həm də dərin sosial-mədəni və psixoloji dönüşlərin göstəricisidir:

''Əvvəllər bu mərasim məktəbin, müəllimin və ümumilikdə təhsil həyatının yekunu kimi qəbul edilirdisə, bu gün daha çox fərdi kimliyin nümayişinə və sosial təsir gücünə malik vizual təqdimata çevrilir. Bir zamanlar oğlanlar ağ köynək, qara şalvar; qızlar isə ağ kofta, qara ətək və ya klassik məktəb forması ilə bu mərasimdə iştirak edirdilər. Bu, həm nizam-intizamın, həm də kollektivliyin simvolu idi. İndi isə fərdi üslub, bəzən isə tədbirin kontekstindən kənar geyimlər ön plana çıxır. Bu vəziyyət “geyim azadlığı” ilə “məktəb intizamı” arasında yeni sərhədləri gündəmə gətirir. Bu dəyişikliklər, ilk növbədə, qloballaşan mədəniyyət axınlarının cəmiyyətə təsiri ilə bağlıdır.

Gənclər sosial şəbəkələrdə izlədikləri dünya trendlərini təkrarlamaq, onlara uyğunlaşmaq və onlardan geri qalmamaq ehtiyacı hiss edirlər. TikTok və Instagram kimi vizual dominantlı platformalar orijinallıq və özünüifadə dəyərlərini önə çıxarır. Geyim, saç düzümü, aksessuarlar və poza artıq sadəcə zövq deyil, eyni zamanda tanınmaq vasitəsinə çevrilib. Bu, “Son zəng” kimi kollektiv tədbirin fərdiləşməsinə səbəb olur. Bəzi şagirdlər üçün bu mərasim artıq “dostlarla son görüş” deyil, “sosial mediada paylaşılacaq kontent fürsəti” anlamı daşıyır.

Digər tərəfdən, bu tendensiya məktəblərdə nizam-intizam mexanizmlərinin zəifləməsi və məktəb–valideyn–şagird münasibətlərində roların aydın olmaması ilə də əlaqəlidir. “Təhsil haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, məktəbin daxili intizam qaydaları şagirdlərin davranışı, geyimi və etik standartlarını tənzimləməlidir. Lakin bir çox məktəb bu qaydaları tətbiq etmir və ya ictimai qınaqdan çəkinərək onların icrasına nəzarət etmir. Valideynlər isə geyimi uşağın fərdi seçimi və ifadə vasitəsi kimi qiymətləndirir. Bu isə qeyri-formal mühit və nəzarətsizlik yaradır.

Geyim azadlığı məktəb kimi ictimai və tərbiyəvi bir məkanda tam sərbəstlik şəklində tətbiq oluna bilməz. Məktəb yalnız bilik deyil, həm də kollektiv davranış, estetik zövq və sosial bərabərlik kimi dəyərləri formalaşdıran mühitdir. Sərhədsiz azadlıq sosial status fərqlərini qabarda, ümumi harmoniya və bərabərlik prinsiplərini poza bilər. Bir şagird ziyafət geyimi və professional vizajla, digəri isə sadə məktəb forması ilə mərasimə qatıldıqda, bu, “məktəbli” anlayışının vizual uyğunsuzluğuna səbəb olur. Nəticədə “Son zəng”in mənəvi və ideoloji yükü arxa plana keçir''.

Ekspert vurğulayıb ki, dünya təcrübəsi bu məsələyə müxtəlif yanaşmalar təklif edir:

‘’Yaponiyada, Cənubi Koreyada və Çində şagirdlər “Son zəng”ə rəsmi məktəb formasında qatılır; bu, mərasimin simvolik və ideoloji mahiyyətini qorumağa xidmət edir. Almaniya, Finlandiya və Niderland kimi Avropa ölkələrində isə daha sərbəst yanaşma tətbiq olunur, lakin məktəb rəhbərliyi tədbirin formatına uyğun minimal geyim standartları müəyyənləşdirir. ABŞ-da şagirdlərə seçim azadlığı verilir, lakin hər məktəbdə tədbirə uyğunlaşdırılmış “dress code” mövcuddur.

Azərbaycanda isə bu sahədə sistemli və ardıcıl yanaşma çatışmır. Geyim sərbəstliyi nə tam şəkildə tanınır, nə də normativ geyim çərçivəsi konkret şəkildə tənzimlənir. Bu isə həm müəllimlər, həm valideynlər, həm də şagirdlər üçün qeyri-müəyyənlik yaradır.
Baxmayaraq ki, dəyişikliklər gənclərin estetik zövqünün formalaşmasına, fərdiyyətlərini ifadə etmələrinə və özünəinamlarının artmasına səbəb olur, bu tendensiyanın tənzimlənmədiyi şəraitdə sosial təbəqələşmə, diqqətin təhsildən vizuallığa yönəlməsi və kollektiv dəyərlərin zəifləməsi kimi mənfi nəticələr qaçılmaz olur.

Bu səbəbdən Elm və Təhsil Nazirliyi “Son zəng” tədbirləri ilə bağlı normativləri yenidən nəzərdən keçirməli, geyim məsələsində aydın və balanslı yanaşma ortaya qoymalıdır. Nə sərt qadağalarla gənclərin azadlığı boğulmalı, nə də mütləq sərbəstlik adı ilə məktəb vizual şouya çevrilməlidir. Geyim azadlığı etik, pedaqoji və estetik çərçivələrlə tənzimlənməli, fərdi ifadə ilə kollektiv kimlik arasında sağlam tarazlıq qorunmalıdır. Bu, yalnız tədbirin mahiyyətini qorumaq üçün deyil, gələcək nəsillərə davranış və estetik mədəniyyətin ötürülməsi baxımından da vacibdir''.

Ajans muxbir
Vəzifəsi: Müxbir
PAYLAŞ: