Magistratura Təhsili – 2 il boşa gedir?

Magistratura Təhsili –
magistratura
Cəmiyyət 15-04-2025 - 11:29

Bir çox tələbə bakalavr təhsilini bitirdikdən sonra magistratura təhsili almaq istəyir.

Bəs görəsən Azərbaycanda magsitratura təhsili almaq nə dərəcədə vacibdir? Yenidən 2 il oxumaq tələbələrə nə kimi üstünlüklər qazandırır?

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Ajans.az”a söyləyib ki, bakalavriat təhsilini bitirən ali təhsilli şəxs, elmi müəssisələrdə, elmlər akademiyasına və ali təhsil müəssisələrində dərs deməkdən başqa, bütün sahələrdə işləyə bilər:



‘’Lakin bizim cəmiyyətdə belə bir fikir formalaşıb ki, magistratura təhsili iş tapmaqda böyük imkanlar yaradacaq. Mən bu fikirlə razı deyiləm. Magistraturada yalnız o şəxslər təhsil almalıdır ki, öz yolunu elm və təhsil sahəsində davam etsin. Çünki magistratura təhsili karyerada yüksəliş gətirən bir amil deyil.

Qanunvericiliyə görə bakalavr təhsilini bitirənlər öz sahələrində karyeralarını qurmağa davam edə bilərlər. Magistratura təhsili bu gün bərbad vəziyyətdədir. Bir növ adı var, özü yoxdur. Magistraturada təhsil alanların əksəriyyəti nə üçün təhsil aldıqlarını özləri də bilmir’’.

Ekspert vurğulayıb ki, bizdə magistratura artıq dəb halını alıb:

‘’Magistraturada diplom müdafiəsində tələbələrin çoxu məzmundan xəbəri belə olmur. Universitetlərdə diplom işləri pulla yazılır. Ona görə də gənclərə tövsiyəm budur ki, əgər tələbələr elm və pedaqoji fəaliyyətlə məşğul olmayacaqlarsa, 2 illərini itirməsinlər. Öz ixtisasları üzrə karyeralarını davam etdirsinlər’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: