İrəvan revanşa belə hazırlaşır - Polkovnik detalları AÇIQLADI

İrəvan revanşa belə hazırlaşır - Polkovnik detalları
Siyasət 08-04-2025 - 12:39
 488

Son həftələrdə şərti sərhəddə silahlar susmaq bilmir. Baxmayaraq ki, Ermənistan sözdə sülh tərəfdarı kimi çıxış edir, Nikol Paşinyan isə orduya atəşkəsin pozulmaması ilə bağlı tapşırıq verdiyini deyir. Belə olduğu halda, regionda hələ də silah səslərinin gəlməsinin, sülhün ləngiməsinin səbəbləri nələrdir?

Bu barədə Ajans.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Azərbaycanla münaqişə dövründə Ermənistanda hakimiyyətə gələnlərin hamısı orduya belə bir tapşırıq verdiklərini deyiblər:

“Amma həmişə ağızda bir avaz olub, əməldə başqa. Əvvəllər təmas xəttində, indi şərti sərhəddə ara-sıra silah səsləri eşidilir. Bu, Ermənistanın siyasi kursunun tutduğu mövqeyin əyani göstəricisidir. Deməli bu gün Ermənistan rəhbərliyi münasibətlərin sülhə doğru getməsində və digər proseslərin həyata keçirilməsində - məsələn sərhədlərin delimitasiya və demarkasiyasında, regionda sabitliyə doğru irəliləyişində maraqlı deyil. 5 ildir Azərbaycan öz gücü ilə işğalçıları darmadağın edib, ərazi bütövlüyünü təmin edib. Belə olduğu halda növbəti addım sülh müqaviləsinin imzalanmasıdır”.

Ekspert hesab edir ki, bütün bunları edən məhz Ermənistanın baş naziridir:

“Reallıqda nə görürük? Ermənistan 5 ildir sülh müqaviləsinin bağlanmasını ləngidir. Bunu hansısa səngərdə duran əsgər etmir, Paşinyan edir. Delimitasiya və demarkasiya prosesi başlamışdı, uğurlu nəticələr əldə edilmişdi, lakin proses dayandırıldı. Kim tərəfindən? Ermənistan hakimiyyəti tərəfindən. Bu işi də ləngidən Ermənistan tərəfidir. Digər səbəb odur ki, hakimiyyətə kim gəlir gəlsin, Ermənistan müstəqil siyasət yürütməyə qadir deyil və daim havadarlar axtarışındadır. Əvvəl şimal qonşumuza havadar kimi baxırdılar, sonra Qərbə doğru meyilləndilər”.

Şair Ramaldanov son olaraq qeyd edib ki, İrəvana qarşı regionda heç biri təhlükə olmadığı halda onun sürətlə silahlanması və şərti sərhəddə fortifikasiya qurğularının quraşdırılması göstərir ki, gələcəkdə təxribatlara əl atacaqlar:

“Bunu Paşinyan bilmir? Ermənistan öz üzərinə bəzi öhdəliklər götürüb və bunu Paşinyan öz imzası ilə təsdiqləyib. Bura sərhəddin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması da daxildir. Lakin Zəngəzur dəhlizi hələ də açılmayıb. Bunlara mane olan Paşinyan özüdür.

Növbəti addım şərti sərhədə doğru gedən çaylarda ağır texnikanın keçə biləcəyi körpülər tikilir. Bu da Ermənistanın revanş xarakterli niyyətindən əl çəkmədiyini göstərir”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: