İran ABŞ-lə danışıqları BƏRPA ETMƏK İSTƏYİR
Tehran ABŞ-nin İranla danışıqları bərpa etmək istəyi barədə vasitəçilər vasitəsilə məlumat alıb.
Ajans.az “İSNA” agentliyinə xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
İran XİN rəhbərinin müavininin sözlərinə görə, Vaşinqtonla mümkün danışıqların bərpası üçün tarix hələ müəyyən edilməyib və o, hansı məsələlərin müzakirə olunacağını bilmir. Diplomat onu da qeyd edib ki, Amerika hakimiyyəti gələcəkdə İslam Respublikasına qarşı hücum etməmə ilə bağlı mövqeyini dəqiqləşdirməyib.
"Birləşmiş Ştatlar bu çox vacib məsələdə və hər hansı belə dialoq üçün zəruri olan etimadın yaradılması üçün nə təklif etdiyi ilə bağlı tam şəffaf olmalıdır", - Taxt-Rəvançi vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-nin İranla danışıqlar aparmadığını və mümkün nüvə sazişi ilə bağlı heç bir təklif irəli sürmədiyini bildirmişdi. Siyasətçinin fikrincə, Vaşinqton respublikadakı nüvə obyektlərini məhv etdiyi üçün buna ehtiyac yox idi.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.