Əməkhaqqı və təqaüdlərlə bağlı YENİLİK: AÇIQLAMA

Mərkəzi Bank əməkhaqqı və təqaüdlərin istənilən bankdan alınması üçün ekosistem qurur. Yeniliyin ilin ikinci yarısında tətbiqi gözlənilir.
Məsələni dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Ajans.az- a bildirib ki, əslində, mövcud qanunvericiliyə görə əməkhaqqı və pensiyaların istənilən bankdan alınması mümkün olmalı idi:
‘’Yəni, hər kəs əməkhaqqını və ya pensiyasını hansı bank vasitəsilə almaq istəyirsə, bunu özü seçməlidir. Heç kəsi məcburi qaydada hansısa bankın müştərisi etmək olmaz. Bugünkü vəziyyət isə həm Əmək Məcəlləsinə, həm də Mülki Məcəlləyə ziddir. Faktiki olaraq Dövlət Sosial Müdafiə Fondu pensiyaçıları yalnız iki bankdan birinə yönəldir, bu isə qanunvericiliyə uyğun deyil.
Təbii ki, vətəndaşın seçim imkanının olması banklar arasında sağlam rəqabət mühitini gücləndirəcək. Banklar müştəriləri cəlb etmək üçün xidmət keyfiyyətini və təhlükəsizlik səviyyəsini artırmağa çalışacaqlar. Son zamanlar bəzi böyük banklardan vəsait oğurluğu halları da müşahidə olunur. Bundan başqa, vətəndaş evinə yaxın olan banka müraciət edə biləcək ki, bu da rahatlıq yaradacaq’’.
Ekspert vurğulayıb ki, bir çox hallarda pensiya və əməkhaqqını həmin bankdan alan şəxslər kredit götürdükdə banklar məhkəmə qərarı olmadan kart hesablarından pul tuturlar:
‘’Bu isə tamamilə qanunsuzdur. Müştərilər bankı dəyişə bilmədikləri üçün bu vəziyyətə məruz qalırdılar. Yeni sistemlə isə belə hallar aradan qalxacaq. Müştəri kartından pul çıxıldığı halda hesabı bağlayıb istədiyi başqa banka müraciət edə biləcək. Bütün bu dəyişikliklər vətəndaşlar üçün çox müsbət addımdır’’.