Bir qaşıq suda boğulan Bakı... - SƏBƏB BU İMİŞ

Bir qaşıq suda boğulan Bakı... -
Gündəm 16-04-2025 - 14:03

Hər dəfə Bakıya bir qaşıq su düşən kimi, bütün üstü örtülmüş problemlər üzə çıxır. Yağan yağış təkcə torpağı yox, müvafiq qurumların yalanlarını da isladır. Guya tunellər son texnologiya ilə qurulub, guya piyada keçidləri müasir standartlara uyğundur. Amma nəticə göz qabağındadır…

Bakı güclü yağışların yağdığı şəhərlərdən deyil. Ara-bir, bir neçə saat yağan yağıntı üçün tədbirlərin görülməsi, infrastrukturun buna uyğun qurulması axı o qədər də çətin olmamalıdır? Nə qədər asfalt döşə, nə qədər bəzək-düzək elə – bir qaşıq suyun qarşısında hamısı palçığa qarışır. Hər il eyni mənzərə - su basan obyektlər, iflic olmuş nəqliyyat, qayığa dönən maşınlar və balığa dönən piyadalar… 

Əslində, məsələ yağışın yağıb-yağmamasında deyil. Məsələ odur ki, bu şəhər suya deyil, məsuliyyətsizliyə təslim olub. Problemin kökü isə dərindədir – amma o kök də yəqin sel sularında itib-batıb…

Hətta iş o yerə çatıb ki, bəzən gördükləri işin yarıtmazlığından danışmaq yerinə, yağışın güclü olmasını səbəb kimi göstərirlər. Axı, məsələ suyun axmasında deyil, arxın olmamasındadır?!

Bəlkə də səbəb odur ki, kimlərsə Allahın və təbiətin işinə qarışıb bir tədbir görmək istəmir. Xalq şairimiz Ramiz Rövşənin şerində olduğu kimi, Bakını da “yağış yuyur, gün qurudur…”

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: