Bakı və Tehran üçün YENİ MƏRHƏLƏ - Bu səfər dönüş nöqtəsi olacaq?

"İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri indiki məqamda böyük önəm daşıyır. Çünki hər iki ölkənin regional, geopolitik hədəfləri mövcuddur. Ən əsası İranın hazırda ABŞ ilə ciddi problemləri mövcuddur. İranın nüvə proqramından imtina etməsi prosesi ilə bağlı ciddi müzakirələr gedir. Eyni zamanda, İranın Cənubi Qafqazla bağlı müəyyən hədəfləri və həmin hədəflərlə bağlı problemləri var".
Bunu Ajans.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Bakı və Tehran arasında ortaq maraqlarla yanaşı, ziddiyyətli məqamlar da var:
"Azərbaycan və İranın müəyyən iqtisadi-ticari maraqları var, bu münasibətlərin inkişafında maraqlıdılar. Eyni zamanda hər iki ölkə nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılmasında da ortaq maraqlara sahibdilər. Cənubi Qafqazda gedən bəzi proseslərdə İranın geopolitik təsir imkanları da var. Xüsusən Zəngəzur dəhlizinin açılması mövzusu İranda fərqli mövqedə qarşılanır. Azərbaycan bu dəhlizin açılmasında israrlıdır, lakin İran hələlik tam aydın olmayan səbəblərə görə dəhlizin açılmasına etiraz edir.
Ancaq proseslər onu göstərir ki, Azərbaycan və İran əvvəl-axır normal münasibətlər üçün, eyni zamanda ortaq maraqlar üçün, aradakı ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş addımlar atacaqlar. Çünki iki tərəfin ortaq maraqları bunu diqtə edir. İran Cənubi Qafqazın gələcək taleyini müəyyən edən qərarların qəbul olunmasında iştirak etmək niyyətindədir, bu səbəbdən də 3+3 formatının əsas iştirakçıları sırasında yer alır".
Siyasi şərhçi eyni zamanda vurğulayıb ki, son dövrlərdə Azərbaycan və İran arasında olan ziddiyyətlər iki ölkənin maraqlarına zərbə vurmaqda idi:
"Artıq qarşılıqlı münasibətlərdə müəyyən istiləşmə, yaxınlaşma meyilləri müşahidə olunur. Lakin bunu daha ciddi şəkildə inkişaf etdirmək üçün konkret siyasi iradəyə bağlı addımların atılması da vacibdir. Bu baxımdan Pezeşkianın Azərbaycana səfəri önəm daşıyır. Hər iki ölkə liderinin Bakıda əldə edəcəyi siyasi nəticələr sonrakı mərhələdə iki ölkə münasibətlərinin inkişaf istiqamətlərini müəyyən edəcək. Ona görə də bu səfər Azərbaycan İran münasibətlərində bir dönüş nöqtəsi rolu oynaya bilər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.