Azərbaycanda korona virusla bağlı son vəziyyət- RƏSMİ

Ötən günlərdə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun koronavirusa (COVID-19) yoluxma xəbərinin yayılmasıyla koronavirus yenidən gündəmə gəldi.
Ölkə ərazisində korona virus üzrə vəziyyət necədir? Yoluxma riski çoxdur?
Mövzu ilə bağlı "Ajans.az"a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov danışıb.
Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə yeni koronavirus infeksiyasına yoluxmaya tək tək hallarda rast gəlinir. İlin əvvəlindən bu günə qədər epidemik vəziyyət stabil olaraq qalır. Xəstəlik əksər hallarda yüngül və fəsadsız keçir. Hospitalizasiya olunan şəxslərin sayının azlığı da ümumi vəziyyətin qənaətbəxş olduğunu göstərir.
Ekspert əlavə olaraq infeksiyadan qoruma yolları haqqında da danışıb. O bildirib ki, infeksiyadan qorunmaq üçün tədbirlər, hava-damcı yolu ilə yayılan digər infeksiyalara qarşı görülən standart qorunma üsulları ilə eynidir. Bunlara aşağıdakılar daxildir:
* Əllərin tez-tez sabun və ya dezinfeksiyaedici vasitələrlə yuyulması;
* Qapalı və izdihamlı məkanlarda maskadan istifadə edilməsi;
* Sosial məsafənin qorunması;
* Xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək;
* Qapalı məkanların mütəmadi olaraq havalandırılması.
Təyyar Eyvazov son olaraq, bu sadə, lakin təsirli tədbirlərin həm koronavirusdan, həm də digər yoluxucu tənəffüs yolu infeksiyalarından qorunmağa kömək etdiyini vurğulayıb.