Azərbaycanda bu məhsullar BAHALAŞDI

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 faiz təşkil edir. 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
Ajans.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil etmişdir.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.