AZAL Pakistana bilet satışını dayandırıb?- RƏSMİ AÇIQLAMA

Ajans.az-ın əldə etdiyi məlumata görə, Pakistan Beynəlxalq Hava Yolları (PIA) Azərbaycan Hava Yollarının (AZAL) bilet satış sistemindən çıxarılıb. İddialara əsasən, bu addım iki ölkə arasında birbaşa uçuşların dayandırılmasına səbəb olub.
Məsələnin hansı qərarla bağlı olduğu isə açıqlanmayıb. Xatırladaq ki, PIA 2022-ci ilin mart ayında Bakı ilə Lahor və Kəraçi arasında birbaşa uçuşlara başlamışdı. Həftədə iki dəfə həyata keçirilən bu reyslər turizm və ticarət baxımından ciddi əhəmiyyət daşıyırdı. 2025-ci ilin aprelində isə şirkət Lahordan Bakıya yeni marşrut təqdim etmiş, ilk reysdə 174 sərnişin daşınmışdı. Marşrutun müntəzəm xarakter alacağı gözlənilirdi.
Bununla yanaşı, 2023-cü ilin sentyabrından etibarən AZAL da Pakistanın İslamabad, Lahor və Kəraçi şəhərlərinə birbaşa reyslər həyata keçirir.
Məsələ ilə bağlı Ajans.az olaraq Azərbaycan Hava Yolları ilə əlaqə saxladıq. AZAL-dan bildirilib ki, Pakistan istiqamətində bilet satışlarında hər hansı dəyişiklik yoxdur:
“Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Azərbaycan Hava Yolları bu ölkələrə uçuşlarını mərhələli şəkildə bərpa edib”.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.