60 manatlıq cərimə və 2 bal – Qanunsuzluğa son qoyulacaqmı?

Bir müddət öncə səkidə avtomobillərin parklanmasına görə cərimə məbləği 60 manata qədər artırılıb və sürücülərə əlavə olaraq iki cərimə balı da tətbiq olunmağa başlanıb. Bu tədbirlərin məqsədi şəhər mərkəzlərində piyada hərəkətini təmin etmək və yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaqdır.
Lakin bütün bu addımlara baxmayaraq, hələ də səkilərdə avtomobil park edən sürücülərlə tez-tez qarşılaşmaq mümkündür. Bu isə piyadaların təhlükəsiz və sərbəst hərəkətinə ciddi maneələr yaradır.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Ajans.az-a açıqlamasında bildirib ki, burada əsas şərt piyadanın təhlükəsizliyidir:
''Əgər piyada təhlükəsizliyinə hər hansı bir maneə varsa, ümumiyyətlə, yolun zəbt edilməsi və ya qanunsuz parklanma halları ciddi şəkildə cəzalandırılmalıdır. Çünki piyada – yol hərəkəti iştirakçıları arasında ən qorunmayan tərəfdir. Əgər onun yolu tutulubsa və bu səbəbdən o, yolun hərəkət hissəsilə getməyə məcbur qalırsa, bu, həm onun, həm də avtomobil sürücülərinin həyatını riskə atır.
Hər həftə avtomobilini səkidə və keçidlərdə park edən neçə sürücünün cərimələndiyinə dair statistik məlumatlar ictimaiyyətə təqdim olunmalıdır. Eyni zamanda, qanunsuz parklanmaya görə neçə nəqliyyat vasitəsinin evakuasiya edildiyi də qeyd edilməlidir''.
Ekspert vurğulayıb ki, bu qaydaları pozan sürücülər təkcə cərimə olunmaqla kifayətlənməməli, sürücülük hüququndan da müəyyən müddətə məhrum edilməlidirlər:
''Şəhərin daxili hissəsi böyük deyil və bu məsafəni alternativ səfər növləri ilə rahat şəkildə qət etmək mümkündür. Multimodal daşımaları təşviq etməli və onların qarşısında duran maneələri (baryerləri) aradan qaldırmalıyıq.
Şəhərin mərkəzi (nüvə hissəsi) uzun deyil, amma piyada gəzmək imkanımız olsa da, avtomobillərin qanunsuz parklanması bu hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırır''.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.