Magistraturada YENİLİK: təhsil müddəti azaldılır!

Magistraturada YENİLİK:
Cəmiyyət 11-04-2025 - 10:26

Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli bildirib ki, Azərbaycanda ixtisasların yeni təsnifatı hazırlanıb.

O, həmçinin bəzi ixtisaslar üzrə magistratura təhsilinin müddətinin azaldılması ilə bağlı işlərin aparıldığını, bu məsələnin qanunvericilik dəyişikliyi tələb etdiyini və hazırda ciddi hazırlıqların görüldüyünü vurğulayıb.

Məsələni dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Ajans.az”a bildirib ki, magistratura proqramlarının müddətinin azaldılması ilə bağlı planlaşdırılan dəyişikliklər təhsilin keyfiyyəti və məzmunu baxımından ciddi şəkildə qiymətləndirilməlidir:


“Belə bir qərar sadəcə vaxt və resursların optimallaşdırılması məqsədi ilə qəbul olunarsa, bu, ali təhsil sistemində keyfiyyətin zəifləməsi ilə nəticələnə bilər. Magistratura pilləsi bakalavrdan fərqli olaraq daha dərinə gedən tədqiqat bacarıqları, nəzəri, metodoloji biliklər, analitik və tətbiqi qabiliyyətlər formalaşdırmağa yönəlib. Təhsil müddətinin qısaldılması isə bu bacarıqların tam formalaşmasına mane ola bilər.

Əgər ixtisasların təbiəti nəzərə alınmadan bu cür qısaldılma tətbiq edilərsə, xüsusilə fundamental və nəzəri biliklər tələb edən sahələrdə ciddi boşluqlar yarana bilər. Məsələn, hüquq, tibb, təhsil, beynəlxalq münasibətlər, psixologiya və sosiologiya kimi sahələrdə dərin, sistemli təhlil qabiliyyəti, geniş nəzəri baza və praktik təcrübə tələb olunur. Bu sahələrdə tədrisin sadəcə bir neçə semestrə sıxışdırılması tələbənin həm akademik, həm də peşəkar hazırlığını zəiflədə bilər.

Eyni zamanda, bəzi texniki və tətbiqi sahələrdə, məsələn, qrafik dizayn, kompüter proqramlaşdırması və ya müəyyən mühəndislik ixtisaslarında təhsilin daha çevik və məqsədyönlü formatlarda keçirilməsi mümkündür. Bu zaman təhsil müddətinin qısaldılması əlavə intensiv kurslar, real layihələr və laboratoriya əsaslı öyrənmə ilə kompensasiya edilə bilər. Ancaq bu da yüksək resurs və infrastruktur tələb edir.

Beynəlxalq təcrübəyə baxdıqda, Avropa ölkələrinin əksəriyyətində (məsələn, Almaniya, Fransa, Niderland) magistratura proqramları adətən 2 il müddətində olur. Bu zaman tələbə həm nəzəri bilikləri, həm də tədqiqat bacarıqlarını inkişaf etdirə bilir.”

Ekspert vurğulayıb ki, ABŞ-da isə bir çox proqramlar 1–2 illik aralığında olsa da, proqramın məzmunu və kredit yükü buna uyğun ciddi şəkildə tənzimlənir:

“Yəni qısa müddət daha çox sıxlaşdırılmış və intensiv tədris deməkdir, sadəcə müddətin azaldılması deyil. Azərbaycan kontekstində isə magistratura proqramlarının çoxunda praktiki komponentlərin zəifliyi və metodoloji hazırlığın qeyri-kafi olması hələ də aktual problemdir. Təhsil müddəti qısaldılarsa, bu problemlər daha da kəskinləşə bilər. Hal-hazırda belə proqramların bir çoxu tələbəyə elmi-tədqiqat bacarığı deyil, sadəcə nəzəri bilik təqdim edir və bu, peşəkar arenada tələb olunan bacarıqlarla üst-üstə düşmür. Əgər müddət daha da azaldılarsa, bu, nəticə etibarilə həm məzunların keyfiyyətinə, həm də əmək bazarının ehtiyaclarına uyğunluğa mənfi təsir göstərə bilər.

Bu baxımdan, dəyişikliklər yalnız proqramların yenilənməsi, modulların səmərəli strukturlaşdırılması və təhsil keyfiyyətinin yüksəldilməsi ilə paralel aparılmalıdır. Əks halda, müddətin azaldılması sadəcə “formal təhsil” verən proqramların artmasına, diplomlu, amma qeyri-kompetent məzunların sayının çoxalmasına səbəb olacaq. Peşəkar bacarıqların effektiv şəkildə ötürülməsi üçün yalnız vaxt deyil, həm də keyfiyyətli müəllim heyəti, praktik imkanlar və tələbəyə fərdi yanaşma əsas şərtlərdir. Bunlar olmadan aparılan hər hansı struktur dəyişikliyi, istər azaldılmış, istərsə də uzadılmış formatda olsun, real nəticə verməyəcək”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: