Almaniya mətbuatı azərbaycanlı həkim Cavid Hüseynzadədən YAZDI – VİDEO

Azərbaycanlı həkim, “Bad Salzungen” klinikasının Qulaq, burun, boğaz xəstəlikləri va üz plastik cərrahiyyəsi şöbəsinin müdiri Cavid Hüseynzadə Almaniya mətbuatının diqqət mərkəzinə düşüb.
Ajans.az Bizim.Media-ya istinadən xəbər verir ki, Almaniyanın nüfuzlu “inSüdthüringe” nəşri Cavid Hüseynzadədən mühsahibə alıb.
“Əgər burnunuz problem yaradırsa...” başlıqlı məqalədə gənc həkim qeyd edir ki, burun üzümüzün estetik qəbul olunmasında ən önəmli faktorlardan biridir:
“Üzümüzün ortasında üfüqi və şaquli bir xətt təsəvvür etsək, burnumuz tam olaraq kəsişmə nöqtəsində yerləşir və buna görə də dərhal gözünüzü tutur. Burun yalnız vizual olaraq əhəmiyyətli bir komponent deyil, həm də əvəzedilməz funksiyaları yerinə yetirir”.
Cavid Hüseynzadə vurğulayıb ki, tənəffüs yollarının daralması xəstənin həyat keyfiyyətini ciddi şəkildə pozur:
“Burun əməliyyatı icra edilməsinin səbəbləri arasında hər hansı bir travmalar nəticəsindəki deformasiyaların düzəldilməsi və ya doğuş qüsurlarının bərpa edilməsi və həmçinin də bəzi tənəffüsdəki çətinliklərin aradan qaldırılaraq nəfəs almanı yaxşılaşdırmaqdır…”
Cavid Hüseynzadənin Almaniyadakı karyera yolu
Almaniya mətbuatının diqqət mərkəzinə düşən Cavid Hüseynzadə Bizim.Media-ya açıqlamasında artıq 9 ildir Almaniyada yaşadığını və həkim kimi çalışdığını qeyd edib:
“Alman dili biliyi və diplom təsdiqi imtahanlarından uğurla keçdim. Daha sonra “Facharztprüfung” imtahanını verərək Almaniyada çalışmaq üçün tamhüquqlu mütəxəssis həkim adını qazanmışam. Bu yol heç də asan olmadı, çünki Almaniya istər mədəniyyət, istərsə də mentalitet baxımından Azərbaycandan çox fərqlənir. Almaniya cəmiyyətinə inteqrasiya bir az zaman alsa da, hazırda onları rahat başa düşürəm, hətta alman dostlarım da var”.
Cavid Hüseynzadə həmçinin qulaq, burun, boğaz problemləri ilə bağlı pasiyentlərdən daxil olan əsas şikayətləri də açıqlayıb:
“Uşaqlarda burun və boğaz əti, orta qulaqda yığılan maye səbəbindən eşitmə problemi, böyüklərdə nəfəs alma, xroniki sinusit (burun ətrafı ciblərin iltihabı) problemlərinə daha çox rast gəlinir. Həmçinin son illərdə estetik əməliyyatlar həm qadınlar, həm də kişilər arasında geniş yayılıb. Almaniyada da bu, tendensiya halını alıb. Hazırda rinoplastika, blefaroplastika, otoplastika əməliyyatları daha çox icra olunur. Ümumilikdə, Almaniyada plastik cərahiyyə inkişaf etmiş sahələrdən biri sayılır”.
Cavid Hüseynzadə Bakı da müayinələr həyata keçirir.
Həkim əlavə edib ki, Almaniyada çalışmağına baxmayaraq, Azərbaycan və MDB ölkələrindən də daim müraciətlər alır. O, Bakıda “Universal Hospital”da müayinə və əməliyyatlar həyata keçirdiyini vurğulayıb.
Qeyd edək ki, soydaşımız Cavid Hüseynzadə gənc olmasına baxmayaraq Avropada kifayət qədər tanınıb. O, Avropa Üz-plastika Akdemiyasının, Avropa Rinoplastika Cəmiyyətinin və Almaniya qulaq, burun, boğaz və baş-boyun cərrahiyyə cəmiyyətinin üzvüdür.